BAKI, 6 fevral — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon/Pentagon) sözçüsü Erik Pahon (Eric Pahon) Amerika əsgərlərinin Türkiyənin Afrindən sonrakı hədəfi olan Menbiçdən (Menbich) çəkilmək planının olmadığını bildirib. O, Türkiyə ilə toqquşmanın baş verməməsi üçün danışıqların davam etdiyini qeyd edib.
Sputnik Türkiyə xəbər verir ki, "Hürriyet" qəzetinin müxbirinə müsahibə verən Pahon Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsindəki terror təşkilatları əleyhinə həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını tənqid edib. O, qeyd edib ki, Afrinə qarşı başlanan bu hərəkat İŞİD-lə bağlı əldə edilən uğurların bəzilərinin itirilməsinə səbəb olacaq.
"Türklərin Afrindən Membiçə keçməyəcəyinə ümid edirik. Biz bundan narahatıq. Bu, İŞİD-ə qarşı mübarizəni arxa plana keçirə bilər. Həmçinin bu günə qədər gördüyümüz işlərdən diqqəti yayındırar. Türkiyənin terrorizm və sərhədlərindəki terror qruplaşmaları ilə bağlı problemlərini başa düşürük. Türkiyə ilə imkan daxilində birlikdə çalışırıq. Amma "Zeytun budağı" İŞİD-ə qarşı qazandığımız uğurların bir qismini itirməyimizə səbəb olur", — deyə Pentaqon nümayəndəsi bildirib.
Türkiyənin hərbi əməliyyatları Menbiçə keçirmə ehtimalının nə qədər olduğu barədə suala cavabında Pahon deyib ki, hazırda bunun baş verməməsi və gərginliyin azaldılması istiqamətində Ankara ilə danışıqlar aparırlar. O, ABŞ-ın Menbiçdən çıxmaq niyyətində olmadığını qeyd edib.
Türkiyə və ABŞ əsgərləri arasında toqquşma riskinin olub-olmamasına gəlincə, Pentaqon rəsmisi deyib: "Türkiyə NATO üzrə müttəfiqimizdir və 1950-ci illərin ortalarından indiyə kimi olan əlaqələrimiz zamanı heç vaxt türk əsgərləri ilə toqquşmamız olmayıb. Biz bunun elə bu şəkildə də davam etməsini arzulayırıq. Hökumətlərimiz bu toqquşmanın baş verməməsi üçün bütün səviyyələrdə təmaslarını davam etdirirlər".
"Afrində Öcalanın posterlərini gördük. Rakka İŞİD-dən azad ediləndən sonra da buna bənzər hallar baş verdi. Belə olan təqdirdə, müttəfiqlərinizlə nədən danışırsız?" — sualına cavabında isə Pahon belə cavab verib: "PKK ABŞ üçün yad bir terror təşkilatıdır. Biz nə PKK-nı, nə də onunla eyni sırada olanları dəstəkləyirik. Bizim birlikdə mübarizə apardığımız qüvvələr sınanmış Suriya müxalifətinin üzvləridir. Əgər bu qüvvələr İŞİD-lə mübarizədən başqa bir şeyə meyl göstərərlərsə, hansı ki bu, Türkiyə də ola bilər, Suriya rejimi də, onda onlara dəstəyimizi kəsəcəyik".