BAKI, 5 fevral — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Həmin sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
Fevralın 1-də isə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın qurultayını gözləmədən, hakim partiyanın prezidentliyə namizədinin İlham Əliyev olacağını açıqlamışdı.
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam hansı zərurətdən qaynaqlanıb? Sputnik Azərbaycan xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsindəki şərhində bu sualın arxasında 3 amilin dayandığını qeyd edib.
Onun fikrincə, birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır: "Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi".
İkinci amilə gəlincə: "Bu, xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı azərbaycanlı oliqarxlar siyasi fəaliyyətə cəlb edilmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimiyyət rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, xarici mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq".
Politoloq hesab edir ki, üçüncü amil Azərbaycanda may ayında Cümhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir: "Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl, mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirilən bir çox şəxsə şamil edilə bilər".
"Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır. Əks halda İlqar Məmmədov mayda əfvdən sonra oktyabr ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belədə isə o, prezident seçkisində iştirak etməyəcək. Qərbdəki mərkəzlərin də seçkiyə hazırlaşan İlqar Məmmədova dəstəyi arta bilərdi. Prezident növbədənkənar seçki təyin etməklə Qərbdəki mərkəzlərin də seçkiyə müdaxiləsi imkanlarını minimum endirdi", — deyə Elxan Şahinoğlu yazıb.