BAKI, 3 fevral — Sputnik. “2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb”.
Mərkəzi Bankdan verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: “2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb”.
E. Rüstəmov əlavə edib ki, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.