BAKI, 2 fevral — Sputnik. Amerikalı jurnalistlər Türkiyə Silahlı Qüvvələrinin Afrindən sonra əməliyyat keçirəcəyi gözlənilən, hazırda PYD terrorçularının nəzarətindəki Menbiç rayonunda çəkiliş aparıblar. Sputnik Azərbaycan xəbər verir ki, "New York Times" qəzetinin müxbiri Rod Nordland, PYD-li döyüşçülərlə apardığı söhbətlər əsasında hazırladığı özəl reportajı yayımlayıb.
Nordland bu haqda yazıb: "PYD-li döyüşçülər türk əsgərinə qarşı Amerikanın dəstəyinə tam arxayındır. Onlar inanırlar ki, savaş başlasa, ABŞ ordusu onlarla birlikdə Türkiyəyə qarşı vuruşacaq. İki NATO müttəfiqinin bir-birləri ilə savaşdığı daha əvvəllər olmayan bir şeydir. Ancaq iki müttəfiq arasında günbəgün pisləşən əlaqələrin müharibə ilə nəticələnmə ehtimalı da göz ardı edilməməlidir. Əgər Türkiyə Menbiçdəki PKK ünsürü olan PYD ilə döyüşə girsə və Amerika buna cavab versə, NATO-nun gələcəyi sual altına düşəcək".
Rod Nordland həmçinin yazıb ki, əgər ABŞ PYD-ni ordusu ilə qorumasa belə, onlar bunu anlayışla qarşılayacaqlar.
"PYD hərbi şurasının rəhbəri Şiar Gerde ilə görüşdüm. Mənə dedi ki, Amerika bizimlə birgə Türkiyəyə qarşı savaşmasa belə, onları anlayacaqlar. O söylədi ki, əsas olan siyasi dəstəkdir. Və biz bu dəstəyə tam arxayınıq" — amerikalı jurnalist qeyd edib.