BAKI, 1 fevral — Sputnik. Bakı – Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O bildirib ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə ciddi önəm verərək deyib: "Bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər".
"Bu gündən etibarən (1 fevral 2018-ci ildən) qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı — Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir", — Qədirova bildirib.
"Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub", — deyə o əlavə edib.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.