BAKI, 31 yanvar — Sputnik. Dünın axsam 19:00 radələrində 175 nömrəli "BakuBus" avtobusunda hadisə baş verib. Sürücü qayda pozan sərnişinlə mübahisə edib və avtobusdan düşərək qapıları bağlayıb. Bu da avtobusda olan sərnişinlərin narazılığına səbəb olub.
Sputnik Azərbaycan hadisənin hansı səbəbdən baş verdiyini "BakuBus" MMC-nin mətbuat xidmətindən öyrənib. "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, hadisə yanvarın 30-u, saat 18:48 radələrində "BakuBus"a məxsus 90 JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, "Səməd Vurğun bağı" dayanacağında baş verib.
"Sərnişin qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olur və sürücü mikrafonla sərnişinə xəbərdarlıq edir. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayır və onun üzərinə gəlir. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir", — M.Piriyev deyib.
"BakuBus" olaraq bu cür sərnişinlərimizi bir daha ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etməyə dəvət edirik. Nəzərə almaq lazımdır ki, bu kimi qaydalara zidd hərəkətlər sükan arxasında əyləşən, onlarla sərnişinin həyatı üçün məsuliyyət daşıyan sürücülərin psixoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə ciddi maneə yaradır", — MMC sözçüsü vurğulayıb.
Qeyd edək ki, hadisənin video-görüntüsü də yayılıb.