CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Acı reallıq: Heç kimin qorunma zəmanəti yoxdur

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidСтраница сайта Twitter на экране планшетного компьютера
Страница сайта Twitter на экране планшетного компьютера - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəxslərlə olan yazışmaların şifrələndiyini və qorunduğunu "Twitter" üzərinə öhdəlik kimi götürürsə, amma bunu pozarsa, artıq burada məsuliyyət yaranacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. "Twitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirərkən, şirkət əməkdaşlarının vaxtaşırı şəxsi yazışmaları oxuduğunu bildirib. Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib. Sputnik Azərbaycan "Twitter"də yaranmış bu xoşagəlməz vəziyyətlə bağlı mütəxəssis fikirlərini öyrənib.

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli  - Sputnik Azərbaycan
Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, onsuz da hər kəs sosial şəbəkələrdə hesab açan zaman şəbəkə sahibinin onun şəxsi yazışmalarını gördüyünü bilir: "İstər "Twitter"də, istər digər sosial media platformalarında ("Facebook", "Youtube" və s.) hesab açdığın zaman bunlar bəzi informasiyaları paylaşmağı şərt qoyur. Əgər bunu qəbul edirsənsə, hesab açırsan, şərti qəbul etmirsənsə, hesab açmırsan".

Onun sözlərinə görə, "Twitter"də bu amil öz əksini tapıb ki, onlar bu açıqlamanı veriblər: "Əgər bunlar olmazsa, bu, birmənalı hüquqi məsuliyyət yaradacaq. Onlar da özlərinə hüquqi məsuliyyət yaradan bir məqamı ən azından ictimaiyyətə etiraf etməzdilər. Bu, işin birinci tərəfidir. Yəni istər-istəməz sosial şəbəkədə açdığımız hesabların etibarlılığı məsələsində bilirik ki, ən azından bizim informasiyaları bu platformanın sahibi görür. Bu ehtimalı qəbul edərək biz o platformada oluruq".

Ə.Məmmədli qeyd edib ki, buradakı şəxsi məlumatların oxunmasından çox, yayılma məsələsi hüquqi mübahisə yaradacaq: "Yəni şəbəkə onu üçüncü tərəfə yaydığı zaman problem yaranacaq. Amma belə bir hadisə yoxdursa, yəni "Twitter"in əli ilə başqa tərəfə yayılmayıbsa, burada hər hansı bir hüquqi məsuliyyətdən söhbət getməyəcək".

Hüquqşünasın dediyinə görə, "Twitter" üçüncü şəxslərlə olan yazışmaların şifrələndiyini və qorunduğunu üzərinə öhdəlik götürürsə, amma bunu pozursa, artıq burada məsuliyyət yaranacaq: "Çünki hər nə qədər bəzi informasiyaları, xüsusilə şəxsi informasiyaları bu qurumlara veririksə də, amma, xüsusən ikili münasibətlərdə yazışmaların sirrinin qorunduğunu düşünürük. Məsələn, "WhatsApp"da hesab açanda sizə mesaj göndərir ki, danışığınız və yazışmalarınız iki tərəf üzərindən şifrələnib. Bu, o deməkdir ki, hətta "WhatsApp" bunu oxuya bilməz. Belə olan halda şifrəni çözüb biriləri bunu oxuyursa və bunu şəxslərin iradəsinin ziddinə edirsə, artıq burada məsuliyyət yaranır".

Ələsgər Məmmədli bu məsələlərin qanunvericilikdə necə tənzimləndiyinə də aydınlıq gətirib: "Hər bir insanın şəxsi məlumatları qanunvericiliklə müəyyən olunan çərçivədə qorunur. Həm beynəlxalq hüquq, həm də daxili hüquq şəxsin özəl həyat informasiyalarını, o cümlədən şəxsi məlumatlarını və şəxsi yazışmalarını qoruma altına alır. İstənilən halda qanunsuz müdaxilə edib bunu əldə edənlər hüquqi məsuliyyət daşımalıdırlar".

Media məsələləri üzrə ekspert Azər Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Twitter", "Facebook" və digər sosial şəbəkələr üzərindən şəxsi yazışmalar heç də gizli şəkildə həyata keçirilə bilmir: "Biz bunu hiss edirik. Şəxsən özüm də hiss edirəm ki, şəxsi yazışmalarım belə izlənilir. Deməli, bunlar sadəcə şəxsi yazışmalarımızı izləmirlər, ümumiyyətlə, biz bu sosial şəbəkələrin nəzarəti altındayıq".

© gun.azAzər Həsrət
Azər Həsrət - Sputnik Azərbaycan
Azər Həsrət

A.Həsrət vurğulayıb ki, sosial şəbəkələrdə gizlilik tam təmin edilə bilməz: ""Twitter"in belə bir etirafı etməsi gizli bir bilgini açıqlaması demək deyil. Hər kəs bilir ki, sosial şəbəkələr nə qədər gizliliyə təminat versələr də, bunlar konkret ABŞ və ona bağlı dövlətlərin, yaxud da mərkəzlərin nəzarətində olduğuna görə, onlar üzərindən yazışmalar heç də gizli saxlanıla bilməz. Yəni gizlilik 100 faiz təmin edilə bilməz".

Ekspert onu da əlavə edib ki, şəxsin özəl bilgilərinə qanunsuz, icazəsiz müdaxilə doğru deyil: "Bu, insanların özəl bilgilərinə, özəl mülkiyyətinə təcavüzdür. Bu təcavüzü etiraf etmələri dünyada çox böyük səs-küy yaratmalıdır və yəqin ki, "Twitter" və onun kimi sosial şəbəkələrin özəl bilgilərə müdaxiləsinin qarşısının alınması üçün qlobal səviyyədə kampaniyalar başlamalıdır".

"Yeni texnologiyaların fəlsəfəsi, mahiyyəti odur ki, burada heç kim tam, 100 faiz özünü qoruya bilmir. Tək çıxış yolu odur ki, bu cür xidmətlərdən istifadə edilməsin. Amma indiki dövrdə bundan istifadə etmədən yaşamaq, işləmək, ümumiyyətlə, münasibətlər qurmaq da mümkün deyil", – A.Həsrət deyib.

Qeyd edək ki, "Twitter"in öz istifadəçilərin şəxsi ismarıcları oxuması barədə məlumat onlar haqqında "virtual profilin yaradılması" və reklam şirkətlərinə sonradan satılması məqsədi ilə edildiyi bildirilib.

Xəbər lenti
0