BAKI, 30 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin öz seçki qərargahının üzvləri ilə görüşdə ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml siyahısı" sanksiyalar paketinə yumorla yanaşıb.
Sputnik Azərbaycan Rusiya KİV-inə istinadla xəbər verir ki, Putin sözügedən siyahıya münasibəti barədə suala zarafatla belə cavab verib: "Bu siyahıya adımın salınmamasına görə incimişəm".
Dövlət başçısı Vaşinqtonun hərəkətlərində məna görmədiyini deyib. "Amma bu, sözsüz ki, onsuz da gərgin olan iki ölkənin münasibətlərini ağırlaşdıran qeyri-dost aktıdır", – deyə Rusiya lideri bildirib.
Bununla belə, Putin qeyd edib ki, Moskva cavab tədbirlərinin hazır olmasına baxmayaraq, hələlik onları tətbiq etməkdən çəkinir.
Putin dolayı şəkildə sanksiyalar siyahısını hazırlayanları itlə müqayisə edib: "Rusiya öz daxili məsələləri ilə məşğul olmalıdır. Bizi öz iqtisadiyyatımız, kənd təsərrüfatımız, səhiyyəmiz, təhsilimiz, müdafiə gücümüz maraqlandırmalıdır. Onda hansısa siyahı ilə, təhdidlə qorxutmağın mənasız olduğunu başa düşəcəklər. İt hürər, karvan keçər".
O, Rusiya ilə ABŞ-ın əlaqələrini inkişaf etdirmək istədiklərini və onların kəsilməsində maraqlı olmadığını da əlavə edib.
"Dünya iki böyük nüvə dövlətinin bir-birinə hörmətlə yanaşdığını, müasir şəkildə əlaqələrini qurduğunu görsə, rahat nəfəs alar" – deyə Rusiya prezidenti əlavə edib.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 29-da Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub.
Orada Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Moskva meri Sergey Sobyanin, Kremlin sözçüsü Dmitri Peskov və digər məşhur şəxslərin adları var.