BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda "Cümhuriyyət parkı" salınmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov deyib.
Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucaldılmalıdır: "Bəzən fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də. Amma parkın salınması vacibdir. Bununla da insanlar həmin parka gedib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxsləri yad edə bilərlər".
R.Hüseynov deyib ki, gələcəkdə Azərbaycanda "Cümhuriyyət parkı" olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar.
Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib.