Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. Televiziya və radioda, sosial şəbəkələrdə tez-tez xaricdən gələn həkimlərin düzgün olmayan müayinə və müalicələri, eyni zamanda uğursuz əməliyyatları haqqında xəbərlərin, elanların şahidi oluruq. Xarici həkim ölkəyə gəlməzdən öncə reklam edilir, qəbuluna müştərilər yığılır. Daha sonra həkim yazılmış xəstələrin sayından asılı olaraq bir neçə günlük Bakıya gəlir. Burada müayinə və əməliyyatlarını icra etdikdən dərhal sonra isə öz vətəninə yola düşür.
Xaricdən təşrif buyurmuş həkimin qəbulunda olmuş xəstədə hər hansı problem yarandıqda isə həmin həkimi tapa bilmir. Təbii, həkimi dəvət etmiş klinika da xəstənin suallarına, şikayətlərinə cavab vermir. Nəticədə xəstə ya başqa həkimə müraciət etməli olur, ya da ağır fəsadlar ilə baş-başa qalır.
Maraqlıdır, Azərbaycan klinikalarına xaricdən gələn, dəvət edilən həkimlərin peşəkarlığı necə yoxlanılır, ümumiyyətlə yoxlanılırmı? Sputnik Azərbaycan bu sualın cavabını araşdırıb.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, SN ancaq Azərbaycanda işləyən həkimlərə nəzarət edir: "Xarici ölkədən gəlib Azərbaycanda işləyən həkimlər öncə diplomlarını Təhsil Nazirliyində təsdiqlədirlər, daha sonra Səhiyyə Nazirliyi onlara burada işləmək üçün sertifikat verir. Özəl klinikalar da xaricdən həkim dəvət edir. Biz onlara nəzarət etmirik. Sonradan xəstələrdə hər hansı problem yaranarsa, klinika özü cavabdehlik daşımır".
Səhiyyə Nazirliyinin sözçüsü tövsiyə edir ki, xəstələr bu cür problemlə qarşılaşmamaq üçün müayinədən öncə həkimin diplomu və işləmək üçün ona verilən sertifikatla maraqlansınlar: "Xəstələr bu sənədləri olmayan həkimlərə güvənməsinlər".
Məsələyə tanınmış plastik və estetik cərrah Dilqəm Məmmədov da münasibət bildirib. O, qeyd edib ki, xarici ölkədən Azərbaycana gələn həkim işləmək istəyirsə, bu zaman mütləq Səhiyyə Nazirliyinin xəbəri olmalıdır və nazirlikdən sertifikat alaraq işləməlidir.
"Ancaq onu da deyim ki, bəzən xaricdən gəlmiş yox, elə öz yerli həkimlərimiz arasında da ixtisasına uyğun olmayan sahədə çalışanlar olur. Azərbaycanda ümumi cərrah və ya digər sahədə işləyən həkimlər var ki, özlərini plastik cərrah kimi təqdim edərək plastik əməliyyatlar keçirirlər. Nəticədə xəstələrin görünüşü daha pis vəziyyətə düşür" — mütəxəssis bildirib.
"Dəfələrlə plastik cərrah olmayan həkimlər tərəfindən uğursuz əməliyyat keçirən xəstələr mənə müraciət edib. Amma bu xaricdən gələn həkimlər deyil, ixtisası başqa olan, amma özünü plastik cərrah kimi təqdim edən yerli həkimlərdir", — deyə D.Məmmədov vurğulayıb.
Həkim Rasif Bağırov isə məsələyə belə münasibət bildirib: "Dünyanın bir çox ölkələrindən həkimlər Azərbaycana gəlib burada özəl klinika açaraq pul qazanırlar. Bir müddət işləyib pul yığandan sonra isə qazandıqlarını götürüb ölkəni tərk edirlər. Arada qalan isə sağalmayan, amma pulları gedən xəstələr olur".
R.Bağırov vurğulayıb ki, bu məsələnin kökündə mediada və internet şəbəkələrində Azərbaycan həkimlərinin pislənilməsi durur: "O qədər Azərbaycan həkimləri haqqında qara piar gedib ki, vətəndaşlar artıq öz həkimlərimizə inanmır. Ona görə də xaricdən gələn istənilən həkimə daha çox inanırlar".
"Bu da böyük faciələrə gətirib çıxarır. Belə ki, bu zaman insanlar reklamlara aldanıb həmin həkimlərə müraciət edirlər. Nəticədə sağlamlıqlarında daha böyük problemlər yaranır. Hətta bir müddət öncə bir tanışım xaricdən gələn həkimə gözünü əməliyyat etdirdi. Əməliyyat uğursuz alındı və xəstə kor oldu. Bu hallarda heç bir həkim xəstənin səhhətində yaranan problemi həll etməyi üzərinə götürmür və nəticədə xəstənin vəziyyəti daha da ağırlaşır. Vətəndaşları diqqətli olmağa çağırıram", — deyə həkim vurğulayıb.