Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. Fevralın 1-də "Park Cinema"da "Bəxt üzüyü-2" bədii filminin təqdimat mərasimi keçiriləcək. Bu filmdə baş rolun — məşhur Söylü obrazının ifaçısı Azərbaycanın xalq artisti Afaq Bəşirqızıdır. "Bəxt üzüyü-2" filmi "Planeta Parni iz Baku" teatrının istehsalıdır.
Afaq Bəşirqızı filmin çəkilişləri, yeni planlar və gənc aktrisa həmkarları barədə Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
— Afaq xanım, sizə dəfələrlə bu məşhur kinokomediyanın davamını çəkməyi təklif ediblər, amma siz məhz "Planeta Parni iz Baku"ya "hə" demisiniz. Niyə?
— Bu film mənim vizit kartımdır, ona görə də dərhal razılığımı verməmişəm. Əvvəlcə onların bütün filmlərinə, konsertlərinə baxmışam və sonra başa düşmüşəm ki, mən onlarla işləyə biləcəm. Mənim razılıq verməyimin bir səbəbi də o olub ki, bu film "Bəxt üzüyü" filminin ssenari müəllifi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunub. İnanıram ki, razılıq verdiyimə görə peşman olmayacam.
— Siz çox sayda filmlərə çəkilmisiniz, amma tamaşaçılar sizi görəndə dərhal Söylü obrazını xatırlayırlar. Bu, sizi heç vaxt qıcıqlandırmır ki?
— Mən deməzdim ki, məhz həmin rolla assosiasiya doğururam. Çünki mənim daha güclü və uğurlu obrazlarım olub, amma onların təbliğatı zəif olub. Amma o fakt da danılmazdır və təəssüf doğurur ki, hər bir aktyorun obrazlar qalereyasındakı yalnız bir rolu yaddaqalan olur. Rolun yadda qalması artistin sevimli olmasının təsdiqidir, amma mən havayıdan bunu bədbəxtlik adlandırmıram. Məsələ ondadır ki, bir çox aktyorlar bir rolun təsiri altında qalırlar və öz yaradıcılıq fəaliyyətlərini və həyatlarını onunla tamamlayırlar.
— Hansı yaşda Söylünü oynamaq daha asan idi, onda, ya indi?
— Onda mənim 35 yaşım vardı, indi 63. Ondakı və indiki Söylü arasında çox böyük fərq var. Ancaq bu dəfə Söylü rayonda yox, şəhərdə yaşamalı olur, buna baxmayaraq, onun bir çox vərdişləri dəyişmir.
Bu rolu mənə təzədən oynamağı təklif edəndən, normal yatmıram. Bu film səbəbindən bütün planlarımı, problemlərimi bir kənara qoymuşam və yalnız bu filmlə məşğul olmuşam. Düşünürəm ki, tamaşaçılar hazırkı Soylüdən zövq alacaqlar.
— Sizi narahat etmir ki, "oğlanlar"ın özlərinin dediyi kimi, "Planet Parni iz Baku"ya qadağa qoyan Azərbaycan telekanalları "Bəxt üzüyü-2" filmini də ekranlarda göstərməyəcəklər?
— Düzünü deyim ki, mənə bu barədə heç nə məlum deyil. Heç bir kanal istedadları göstərməkdən imtina edə bilməz. Bizim film bütün ekranlarda və efirlərdə göstəriləcək. Bir sözlə, biz harada istəsək, orada.
— Siz hazırkı filmləri necə qiymətləndirirsiniz?
— Məni tez-tez yeni filmlərin premyerasına dəvət edirlər. Hərdən ora gedirəm, hərdən də gedib baxmaq imkanım olmur, internetdən baxıram. Məni sevindirən odur ki, bizim gənclər öz sözlərini deməkdən qorxmurlar. Onlara sadəcə onu arzulayıram ki, öz yollarını düzgün seçsinlər. Bunun üçün onlara təcrübə, yaradıcı insan lazımdır ki, məsləhət versin, onları dəstəkləsin.
İncəsənətdə iş vacibdir, pul deyil. Əgər yaradıcı şəxs üçün maliyyə birinci yerdə gəlirsə, deməli, o, özü heç nədir və onun filmi də həmçinin. O adamın adı heç vaxt Azərbaycanın kinematoqrafiya tarixinə düşməyəcək. Bu günlərdə Bakıya mənim həkimlərim gəlmişdi. Onlar kinoteatrda bizim filmlərdən birinə baxıb şoka düşüblər. Onlar bu barədə danışanda, mən qızardım.
— Necə düşünürsünüz, hazırkı vaxtda aktrisa olmaq üçün mütləq kiminsə dəstəyi lazımdır, yoxsa, qabağa getmək üçün təkcə istedad kifayətdir?
— İstedad — Allah vergisidir, amma təəssüf ki, bu, hamıda yoxdur. Əgər sən istedadlısansa, təhsil heç bir rol oynamır. Hər bir sahədə belə insanlar var, amma onların sayı çox azdır. Bu, həm də mədəniyyətlə bağlıdır. Hazırda bizim sahədə peşəkarları tapmaq çətindir. Ona görə də mən istedadlı insan görəndə çalışıram ki, onu dəstəkləmək, lazımi köməkliyi göstərmək üçün əlimdən nə gəlirsə, edim. Elə aktyorlar var, artıq 50 ildir onları itirmişik, amma bizə elə gəlir ki, onların gedişindən cəmi bir neçə saat keçib. Çünki onlar böyük sənətkarlar idi.
— Sizin əvvəllər "Afaq gülür, güldürür" verlişiniz var idi. Onu bərpa etməyi planlaşdırmırsınız ki?
— Yox, elə planım yoxdur. Bilirsiz, mənə elə gəlir ki, bu verliş artıq öz sözünü deyib. Əvvəllər Rusiya televiziyalarında "Maski-şou" verlişi var idi, hamı ona baxanda gülürdü, mən isə ağlayırdım. Bilirdim ki, bu layhənin iştirakçıları çox istedadlı olmalarına baxmayaraq, tez sıradan çıxacaqlar. Çünki komediya yazdırmaq çox çətindir.
— Deyirlər ki, yaradıcı insanlar şəxsi həyatda xoşbəxt olmurlar. Bəs siz, Afaq xanım? Sizi xoşbəxt qadın adlandırmaq olar?
— Bilirsiz, tamaşaçılar aktyorun xoşbəxt olub-olmadığını bilməməlidirlər. Aktrisa üçün ən böyük xoşbəxtlik odur ki, onun tamaşalarına tamaşaçı gəlsin. Bu baxımdan deyə bilərəm ki, mən xoşbəxtəm.