Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vatikan qanunlarını pozaraq dünya mədəniyyətini zənginləşdirmiş düha

Volafqanq Amadey Motsart
Volafqanq Amadey Motsart - Sputnik Azərbaycan
Abunə olmaq
Əsərə bircə dəfə qulaq asdıqdan sonra balaca Volfqanq onu bir gecədə bütövlükdə nota köçürür və bir neçə gündən sonra verdiyi konsertdə klavesində səsləndirir

BAKI, 27 yanvar — Sputnik. Volfqanq Amadey Motsart (1756 — 1791) dünya mədəniyyətinin ən böyük dühalarındandır. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və ağır faciə obrazlarını eyni təsir gücü ilə canlandıran Motsart musiqisi iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ üç yaşında ikən balaca Volfqanq klavesində və skripkada çalır, hətta ilk musiqi əsəri bəstələyirmiş. İstedadının belə erkən yaşından üzə çıxması baxımından dünya musiqisində Motsartın tayı-bərabəri yoxdur. Xoşbəxtlikdən, tale Motsarta qayğıkeş, həssas musiqi müəllimi bəxş etmişdi. Bəstəkarın atası tanınmış musiqiçi və pedaqoq Leopold Motsart balaca Volfqanq və onun istedadlı bacısı Anna Mariya ilə ciddi məşğul olaraq onların qeyri-adi musiqi bacarığını yalnız doğma vətənləri Avstriyada deyil, eləcə də Avropanın müxtəlif ölkələrində — Almaniyada, Fransada, İngiltərədə, İtaliyada və İsveçrədə nümayiş etdirir. "Balaca möcüzə" adını qazanmış Motsart bircə dəfə dinlədiyi melodiyanı asanlıqla təkrarən çalır, verilmiş musiqi mövzusu əsasında qısa bir vaxtda yeni bir əsər yarada bilirmiş. Bir dəfə isə kiçikyaşlı Volfqanq klavişləri dəsmalla örtülmüş klavesində mürəkkəb bir pyesi böyük məharətlə ifa edib dinləyiciləri heyrətə gətiribmiş!

6 yaşlı Motsartın əsərləri Fransada çap olunur. Artıq 14 yaşında isə o, İtaliya opera teatrının sifarişi ilə "Pont çarı Mitridat" adlı ilk operasını bəstələyir. Balaca Volfqanqı hətta İtaliyadakı Bolonya Akademiyasının üzvlüyünə qəbul edirlər! 26 yaşlı Motsart doğma Zalsburqu tərk edib Vyanada məskunlaşır. Burada o, gözəl operalar, simfoniyalar, konsertlər, kvartetlər, sonatalar bəstələyərək musiqi sənətinin ən yüksək zirvələrini fəth edir. Motsartın üç operası — "Fiqaronun toyu", "Don Juan" və "Sehrli fleyta" XVIII əsr opera sənətinin ən parlaq nümunələridir. Bu dövrdə yazılmış əksər operaların süni, uydurma xarakterli qəhrəmanlarından fərqli olaraq, Motsartın Fiqarosu, Süzannası, Don Juanı sanki real, canlı insanlardır. Hər birinin öz xasiyyəti, öz musiqi səciyyəsi var. 40-dan artıq simfoniya müəllifi olan Motsart bu janra dramatik gərginlik gətirmiş, özünün incə lirik duyumunu və psixoloji həssaslığını yüksək bədii səviyyədə əks etdirmişdir. Təsadüfi deyil ki, qeyri-adi səmimiliyi, həyəcanlığı ilə fərqlənən Motsartın 40 N-li simfoniyası dünya simfonik musiqisinin ən gözəl inciləri sırasındadır. Məşhur "Rekviyem" bəstəkarın son əsəridir (rekviyem kilsədə ifa olunan matəm xarakterli xor əsəridir). "Rekviyem"i ona adını gizli saxlamış qara paltarlı bir şəxs sifariş vermişdir. Əsərin qəribə, hətta demək olar ki, müəmmalı şəkildə sifariş edilməsi Motsarta çox ağır təsir göstərmişdir. Ona elə gəlir ki, "Rekviyem"i qurtardıqdan sonra həyatı tərk edəcək və bu əsər elə onun özünün dəfnində ifa olunacaq. Lakin Motsart heç əsəri bitirməyə belə macal tapmır, cəmi otuz altı yaşında ikən vəfat edir. Sonradan məlum olur ki, varlı bir qrafmaddi ehtiyac duyan bəstəkarlara əsərlər sifariş verir və onları öz adına çıxırmış. Motsartın tələbəsi Züsmayer müəlliminin qaralamalarına əsaslanaraq əsəri tamamlayır. "Rekviyem" bu günədək dünya musiqi mədəniyyətinin ən dəyərli inciləri sırasındadır.

Dahi bəstəkarın dəfni onun adına, şəxsiyyətinə layiq olmayan bir şəraitdə keçmişdir. Ailəsinin pulu olmadığından Motsartı kasıblar üçün ayrılmış ümumi qəbirdə basdırmışlar. Qəbrinin yeri indiyədək məlum deyil.

Motsartla bağlı geniş yayılmış bir məsələyə də toxunmaq istərdik. Bəstəkara ithaf olunmuş müxtəlif əsərlərdə — A.Puşkinin "Motsart və Salyeri" poemasında, N.Rimski-Korsakovun eyniadlı operasında, M.Formanın "Amadeus" fılmində Motsartın, guya, italyan bəstəkarı Antonio Salyeri tərəfindən zəhərlənməsi barədə fikirlər irəli sürülür. Həmin əhvalatı həqiqət kimi deyil, tarixdə mövcud olan, lakin heç bir dəlillərlə sübut olunmamış fərziyyə kimi qəbul etmək lazımdır. Əlbəttə, bu, həmin əsərlərin bədii əhəmiyyətini heç də azaltmır — onlar həmişəyaşar, daim müasir olan Motsart sənətinin şərəfinə ucaldılmış gözəl abidələrdir.

Vatikan qanunlarının pozulması

14 yaşlı Motsart Romada olarkən atası ilə birlikdə Sikst kapellasına gedir və orada Alleqrinin "Miserere" dini xor əsərini dinləyir. Sahibi Vatikan kilsəsi sayılan həmin əsərin nota köçürülməsi və yayılması qəti qadağan idi. Əsərə bircə dəfə qulaq asdıqdan sonra balaca Volfqanq onu bir gecədə bütövlükdə nota köçürür və bir neçə gündən sonra verdiyi konsertdə klavesində səsləndirir. Əslində, bu, kilsə qanunlarını kobud pozmaq demək idi. Lakin konsertdə olan və uşağın möcüzəli eşitmə qabiliyyətinə və yaddaşına heyran qalan Roma papası balaca Motsartı nəinki cəzalandırır, onu hətta "Qızıl Şpor Ordeni"nin kavaleri fəxri adına layiq görür.

Xəbər lenti
0