BAKI, 27 yanvar — Sputnik. Bir neçə gün öncə Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisində çəkilən son video internetdə yayılıb. Sputnuk Azərbaycan REN TV-yə istinadla xəbər verir ki, videonu ekipaj üzvlərindən biri çəkib.
"Bax beləcə Zarubinoya gedirik. Mən körpücüyə ona görə qalxmışam ki, orada su axır. İndi hansı yollasa irəliləməyə çalışacağıq. Mən bax orada, aşağıda, buz olan yerdə yaşayıram. Yaxşı, sağ olun, hamıya salamlar. Birtəhər yarıb keçəcəyik", — video müəllifi kadr arxasında deyir.
Videodan görünür ki, gəmi buzlar arasında qalıb, onun göyərtəsi qarla örtülüb və buzlaşıb. Güclü külək əsir və qar yağır.
Primorye diyarı administrasiyasından bildirilib ki, bu, itən gəmidən göndərilən son videodur. Hazırda axtarışlar davam edir. Mümkün qəza yerindən gəmiyə aid əşyalar və iki xilasedici qayıq tapılıb. Amma onlar boş olub.
"Vostok" balıqçı gəmisi yanvarın 24-də Cənubi Koreyadan Saxalinə gedərkən itib. Traulerdə 21 nəfər olub. Onlardan ikisi azərbaycanlıdır.