BAKI, 27 yanvar — Sputnik. Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, partlayış Dəmir Yolu Vağzalının yaxınlığında baş verib. Qaz sızmasından baş verən partlayış binanın ikinci mərtəbəsində olub. Partlayış yanğınla müşahidə olunub.
Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı "Ofisait" mağazasına da ziyan dəyib.
Olay nəticəsində ən azı bir nəfər yanıq xəsarətləri alıb. Vəziyyəti ağır dəyərləndirilən yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Hadisə yerinə gəlmiş "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib. O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: "Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir".
"Azəriqaz" rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.