BAKI, 26 yanvar — Sputnik. "Ölçüsüz gücdən istifadə etsək, Afrini bir neçə günə düzənliyə çevirə bilərik. Amma biz öz əsgərimizin canını düşündüyümüz qədər, terrorçuların canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərin də canını düşünürük". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.
"Hərbi əməliyyat başa çatandan sonra, Afrindən didərgin düşən suriyalılar öz evlərinə qayıda biləcəklər. Necə ki, eynisini "Fərat Qalxanı" əməliyyatı zamanı etdik. Əl-Rai, Cerablus, əl-Bab sakinləri öz yurdlarına döndülər", — prezident vurğulayıb.
Ərdoğan qeyd edib ki, türk ordusunun məqsədi Afrini işğal etmək deyil.
"Heç kəsin torpağında gözümüz yoxdur. Bizim əsas hədəfimiz o bölgələri terrorçulardan təmizləməkdir", — dövlət başçısı bildirib.