CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda törədilən qırğın Lənkəranda da baş tutmalı idi

© Sputnik / Rahim MuradovLənkəran şəhərindəki Şəhidlər Xiyabanı
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı - Sputnik Azərbaycan
Abunə olmaq
1990-cı ilin Yanvar hadisələri zamanı, ümumilikdə Lənkəran 11 şəhid verib. Onlardan 5 nəfəri Bakıda 20 Yanvar qırğınları vaxtı şəhid olub, 5 nəfəri Lənkərandakı Haftoni meşəsində və bir nəfər isə vertolyotda boğulub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. 1990-cı il 20 yanvar tarixində Bakıda törədilən qırğın Lənkəranda da eyni ssenari üzrə baş verməli idi. Çünki 15 gün müddətinə də olsa, lənkəranlılar yerli hakimiyyəti devirmişdilər və bu da öz növbəsində Azərbaycanda baş verənlərin pik nöqtəsi idi. Həmin vaxt bəzi qüvvələr xalqı Azadlıq hərəkatından uzaqlaşdırmaq məqsədilə qızışdırıcı tədbirlərə əl atırdılar. Buna misal olaraq 1990-cı ilin 19 yanvar tarixində minlərlə sakinin Sovet Azərbaycanı ilə İran arasındakı sərhədi aşaraq İran ərazisinə keçməsinin təşkilini göstərmək olar.

© Sputnik / Rahim MuradovHaftoni kəndi
Haftoni kəndi - Sputnik Azərbaycan
Haftoni kəndi

28 il öncə baş verən "Lənkəran hadisələri"nin birbaşa canlı şahidi olmuş Rahim Nuriyev həmin günlər barəsində Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb: "11 yanvar 1990-cı ildə Lənkəranda yerli hakimiyyət Lənkəran Xalq Cəbhəsi tərəfində devrilərək ələ alındı. Səbəbi isə Qarabağda hakimiyyətin ermənilər tərəfindən ələ alınması idi. Biz də hakimiyyəti devirdik ki, görək mərkəz buna necə reaksiya verəcək. Çox təəssüf ki, Qarabağda ermənilərin hakimiyyəti devirmələrinə göz yuman, başda Qorbaçov olmaqla SSRİ hökuməti Lənkəranda baş verənlərə dərhal reaksiya verdi. Bakıda 13 yanvarda məhz ermənilər tərəfindən erməni qırğınının törədilməsi də buna işarə idi. Biz də bundan nəticə çıxardıq ki, hakimiyyətin belə formada əldə saxlanılması Sovet hakimiyyətinin bura qoşun yeritməsinə əsas verəcək".

© Sputnik / Rahim MuradovHaftoni kəndi
Haftoni kəndi  - Sputnik Azərbaycan
Haftoni kəndi

Müsahibimiz bildirir ki, 1990-cı il 13-15 yanvar tarixlərində razılıq yolu ilə yerli hakimiyyət orqanlarına hakimiyyəti yenidən təhvil verməyə hazırlaşıblar: "Bunun üçün biz Xalq Cəbhəsinin üzvləri, rayon ziyalıları və hökumət nümayəndələrinin iştirakı ilə ümumi yığıncaq keçirdik. Ümumi iclasımızın əsas məqsədi hakimiyyət qarşısında müəyyən tələblər qoymaq idi və 18 yanvarda buna nail olduq. Lakin Bakıda 19-dan 20-nə keçən gecə törədilən qırğınlar göstərdi ki, SSRİ hökuməti Azərbaycan xalqını qorxutmaq və Xalq cəbhəsi və onun bütün sosial bazasını məhv etmək istəyir".

© Sputnik / Rahim MuradovHaftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər
Haftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər - Sputnik Azərbaycan
Haftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər

"Buna görə də biz ehtiyat tədbirləri görməyə başladıq və o vaxt könüllülərdən təşkil olunmuş Milli Müdafiə Batalyonunun peşəkar Sovet ordusunun qarşısına çıxmasına razı ola bilməzdik. Bu, bilərəkdən qırğına getmək idi. Çünki bu batalyonda 2-3 tir tüfəngi və 3-4 ədəd qoşalülə var idi. Buna görə də biz danışıqlar yolu ilə nəyəsə nail olmağa çalışırdıq. Bakıda qırğın törətmiş Sovet Xüsusi təyinatlıları artıq Lənkəranda Sərhəd Qoşunlarının hərbi hissəsində yerləşmişdilər və onların əsas məqsədi gecə saatlarında silah axtarışı bəhanəsi ilə evlərə girmək idi", — deyə, o günlərin canlı şahidi danışır.

© Sputnik / Rahim MuradovHaftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər
Haftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər  - Sputnik Azərbaycan
Haftoni meşəsi. Döyüşlərin getdiyi ərazilər

R.Nuriyev qırğınların baş verməməsi üçün o vaxt Sovet Sərhəd Qoşunlarının Lənkərandakı bölməsinin komandiri Totski ilə danışıqlara başlaması üçün razılığa gəldiklərini bildirir: "Görüş üçün onlar bütün İdarə heyətini dəvət etsələr də, biz imtina etdik. İdarə heyətində yalnız iki nəfər — rəhmətlik Hüseynqulu Məmmədov və Arif İsmayılov, eləcə də Lənkəran Şəhər Sovetinin sədri Mirmehdi və onun müavini Yaşar Məmmədovun iştirakına razı olduq. Nəhayət, 25 yanvar 1990-cı il axşam saat 21:00-da rəsmi şəkildə danışıqlar başladı. Amma danışıqlar gedən zaman gecə saat 00:00 radələrində Sovet İttifaqının müdafiə naziri Yazov Totskiyə zəng edərək onu söymüşdü. Yazov Totskidən "Yerli idarəetmə orqanları ilə niyə danışıqlara girib bizim tədbirimizin qarşısını aldınız?", — deyə soruşmuşdu. Beləcə 8 bənddən ibarət olan rəsmi protokolla razılaşma əldə etdik. Razılaşmanın əsas tələblərindən biri milisdən və digər idarələrdən, məktəblərdən götürülən silahlar geri vermək idi".

© Sputnik / Rahim MuradovLənkəran şəhərindəki Şəhidlər Xiyabanı
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı  - Sputnik Azərbaycan
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı

Həmsöhbətimiz danışır ki, səhər tezdən mitinqlər başlayıb: "Mitinq gedərkən şəhər üzərində hərbi vertolyotlar dövrə vururdu. Onlar mitinqə toplaşanları və ümumiyyətlə Lənkəran xalqını qorxutmaq niyyətində idilər. Eləcə də üzərində səsgücləndirici qurğu quraşdırılan BTR şəhər küçələrində dövrə vuraraq əhaliyə təhdidedici mesajlar verirdi. Mitinq bitdikdən sonra günorta saatlarında Arif İsmayılov, İltifat Rəhimov, rəhmətlik Hüseynqulu Məmmədov və mən Haftoni meşəsinə getdik. Çünki mitinq zamanı eşitdik ki, könüllülərdən yaradılmış Milli Müdafiə Batalyonu Haftoni qəsəbəsinin ərazisinə daxil olan meşələrə çəkilib. Uşaqlar döyüşlərin şəhər ərazisində baş tutamaması və Bakı ssenarisinin təkrar olunmaması üçün meşəyə çəkilmişdilər".

© Sputnik / Rahim MuradovLənkəran şəhərindəki Şəhidlər Xiyabanı
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı  - Sputnik Azərbaycan
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı

Qanlı yanvar hadisələrinin şahidi vurğulayır ki, Sovet əsgərləri meşədə vəhşiliklərini davam etdiriblər: "Uşaqlara silahlarını qoyub ərazini tərk etmələrini bildirmək istəyərdik ki, elə o an bizdən, təxminən, 30-40 metr aralıda hərbi vertolyot yerə yaxınlaşdı və araq havada asılı qaldı. Vertolyotun göyərtəsindən Sovetin xüsusi təyinatlı əsgərləri salto vuraraq yerə tullanmağa başladılar və yerə düşdükcə meşəyə tərəf qaçdılar. Biz də oradan məcburi uzaqlaşıb bir müddət gizlənməli olduq. Sonra isə eşitdik ki, Haftoni meşəsində 4 nəfər könüllü əsgər qətlə yetirilib. Bir nəfər motosiklet idmanı həvəskarı təsadüfən ərazidən keçərkən atəşə tutulub və onu da yandıraraq öldürüblər".

© Sputnik / Rahim MuradovLənkəran şəhərindəki Şəhidlər Xiyabanı
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı  - Sputnik Azərbaycan
Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı

R.Nuriyev, çətin də olsa o günlərdə şahidi olduqlarını danışmağa davam edir: "Tariyel Abdullayevi isə həbs ediblər, Bakıya vertolyotla aparanda vertolyotdaca məftillə vəhşicəsinə boğub öldürüblər. Onun cəsədini Xəzər dənizinə atmaq istəsələr də, vertolyotda olan digər həbs olunanların etirazına görə vaz keçiblər. Sonrada Tariyelin meyiti Bakıda "Salyanski Kazarma"nın qabağında küçəyə atılmış vəziyyətdə tapılıb. Sovet əsgərləri hətta qətlə yetirdikləri vətəndaşlarımızın cəsədlərini də vermək istəmirdilər.Ona görə də biz ağsaqqallarla birlikdə bəzi dövlət orqanları ilə danışıq apardıq və ondan sonra meyitlər təhvil alındı".

Məlumat üçün bildirək ki, Sovet ordusunun kapitanı Kanapiyev adlı şəxsi arxadan vurub öldürmüş və bunun günahını isə Milli Müdafiə Batalyonunun döyüşçülərinin üzərinə yıxıblar. Heç bir xəbərdarlıq etmədən atəş açıblar. Bundan əlavə, meşədə həbs olunanlardan 46 nəfəri Rusiya ərazisindəki həbsxanalara göndərilib. 1990-cı ilin Yanvar hadisələri zamanı, ümumilikdə Lənkəran 11 şəhid verib. Onlardan 5 nəfəri Bakıda 20 Yanvar qırğınları vaxtı şəhid olub, 5 nəfəri Lənkərandakı Haftoni meşəsində və bir nəfər isə vertolyotda boğulub, cəsədi isə Bakıda tapılıb.

Xəbər lenti
0