BAKI, 24 yanvar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.
Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.
Azərbaycan Prezidenti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.
Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.