Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Lənkəran Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən ikiqat qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 12-dən 13-nə keçən gecə Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayeva və onun qızı, 48 yaşlı Səbirə Məmmədova naməlum şəraitdə hücuma məruz qalıblar. Hər iki qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Hadisədən bir neçə saat sonra Səbirə Məmmədova vəfat edib. Onun anası isə komaya düşüb. Həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Yanvarın 20-də Humay Qarayeva da xəstəxanada ölüb.
Əvvəlcə hüquq-mühafizə orqanları elə biliblər ki, qadınlar bir-biri ilə dalaşıb. Çünki qonşuları öz ifadələrində ana ilə qızının tez-tez dalaşdığını bildiriblər. Amma məhkəmə-tibbi ekspertiza nəticəsində məlum olub ki, hər iki qadın ağır və küt alətlə döyülüb.
Faktla əlaqədar AR Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bununla yanaşı, yanvarın 14-də Liman şəhərinin digər sakinləri Heybət Abdullayev və Nəcəfqulu Həsənov da hücuma məruz qalıb. Cinayətkar onlara kəsici-deşici küt alətlə xəsarət yetirib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə, 1991-ci il təvəllüdlü Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yaranıb. Zeynalov görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub.
Lənkəran rayon hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Abdullayev və Həsənov onları döyən şəxsin Zeynalov olduğunu biliblər. Zeynalov istintaqa cəlb olunarkən hüquq-mühafizəçilərinə növbəti fakt da aydın olub. Belə ki, Zeynalov istintaq zamanı qadınları ölənə qədər döydüyünü, sonra isə kişilərə hücum çəkdiyini deyib.
Yeri gəlmişkən, elə həmin vaxtlarda Zeynalovun valideynləri polisə ərizə yazaraq oğullarının yanvarın 12-də xəbərsiz-ətərsiz evdən getdiyini və qayıtmadığını bildiriblər.
Saxlanılan şəxs dindirilən zaman etiraf edib ki, yanvarın 12-dən 13-nə keçən gecə Məmmədovanın yanına təmiz niyyətlə gedib. O, qadınla dostluq əlaqəsi yaratmaq istəyirmiş.
Lakin Zeynalov qadınla əlaqə qurmağa əlindəki kiçik dəmir parçası (montirovka) ilə gedib. O, qadınlar yuxuda olarkən Məmmədovagilin qapısını döyüb. Məmmədova qapını açıb. Qadın çağırılmamış qonağın ondan nə istədiyini başa düşəndə, coşaraq onu azarlayıb. Qonşuların səs-küyə gələcəyindən qorxan Zeynalov qadına hücum edərək ona dəmir parçası ilə zərbələr endirib. Qızının səsinə anası oyanıb və cinayətkara mane olmağa çalışıb. Amma Qarayeva da cinayətin qurbanı olub.
Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.