CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmlak almaq istəyənlərin diqqətinə: O çıxarışlar mülkiyyət hüququnu tanımır

Abunə olmaq
"Ola bilər, satıcının əlində çıxarış olsun, amma həmin çıxarış mülkiyyət hüququnu tanımır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Son zamanlar vətəndaşlar daha çox torpaq sahələri alaraq fərdi evlər tikməyə və ya hazır fərdi evlər almağa üstünlük verirlər. Bakının bir çox qəsəbələrində dövlət reyestrindən çıxarışı ("kupça") olan, həmçinin icra hakimiyyətindən sərəncam, bələdiyyə sənədi ilə hazır evlər və torpaq sahələri satılır. Mütəxəssislər baha olsa da, çıxarışlı torpaq sahələri və fərdi ev almağı məsləhət görürlər.

© Photo : Facebook / makler1979Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev - Sputnik Azərbaycan
Tikinti eksperti Elnur Fərzəliyev

Bununla belə, belə evlərin qiyməti baha olduğu üçün bələdiyyədən, müvafiq icra qurumundan torpaq alıb ev tikən vətəndaşların sayı da kifayət qədərdir. Ancaq torpağın tikintiyə uyğun olub-olmadığı, hansı qurumun balansında olması çox zaman vətəndaş üçün sual olaraq qalır. Vətəndaş bu suala cavabı ancaq torpağın əsl sahibi olan dövlət qurumu öz ərazisini geri tələb edəndə tapır. Belə vəziyyətdə isə artıq çox gec olur.

Sputnik Azərbaycan-a danışan tikinti eksperti Elnur Fərzəliyev məsləhət görür ki, torpaq və ya fərdi yaşayış evi alarkən sənədlər yoxlanılmalıdır: "90-cı illərdən bu günə qədər Bakı və ətraf qəsəbələrdə yaşayış məntəqələri genişlənir. Xüsusilə torpaq sahələrinin satışında və fərdi evlərin tikintisində artım müşahidə edilir. Bakı şəhəri, demək olar ki, Xırdalan və Sumqayıt şəhərləri ilə birləşib. Vətəndaşlar son zamanlar daha çox torpaq almağa, fərdi evlər tikməyə üstünlük verirlər. Ancaq torpaq sahəsi və ya fərdi ev alarkən sənədlərinə diqqət etməlidir".

"Yaxşı olar ki, torpaq alan zaman alıcılar daha çox çıxarışı olan torpaq sahələrinə üstünlük versinlər. Çıxarışsız torpaqların sənədləşməsi zamanı vətəndaşların üzləşdiyi bəzi problemlər bir çox hallarda, hətta məhkəmələrə qədər gedib çıxır" — müsahibimiz deyir.

Ekspert qeyd edir ki, həyətyanı torpaq sahələrinin ayrılması əksər hallarda həmin ərazilərdəki bəzi dövlət qurumlarının təqdim etdiyi sərəncam əsasında təyin olunur: "Bu qurumlardan bələdiyyənin və yerli icra hakimiyyəti orqanının fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə sərəncam vermək səlahiyyəti var. Bəzən sərəncamla ayrılmış həmin torpaq sahələrinin özəlləşdirilməsi zamanı böyük problemlər yaranır. Bəzi qurumlar, hətta səlahiyyətlərində olmayan torpaq sahələrini belə, satmaqdan çəkinmir. Buna görə də alıcılar torpaq sahəsi və ya çıxarışsız ev alarkən diqqətli olmalıdırlar".

"Bundan başqa, həmin qurumlar bəzən yaşayış üçün yararlı olmayan əraziləri də satır. Bir çox yaşayış əraziləri var ki, həmin ərazilər ümumiyyətlə yaşayış üçün təhlükəlidir. Vulkanik ərazilərdə, neft çıxan ərazilərdə, dəmir yolu xətlərinin kənarlarında və s. qadağan olunmuş ərazilərdə tikilmiş evlərin özəlləşdirilməsi qadağandır" — Fərzəliyev diqqətə çatdırır.

Ekspert vurğulayır ki, sərəncamla torpaq alan şəxslər aldıqları torpaq sahələrinin təkrar satışı və özəlləşdirilməsi zamanı yaranan problemləri də nəzərə almalıdır: "Hər bir vətəndaş bilməlidir ki, dövlətin balansında olan torpaq sahələrinin satışı, sənədləşdirilməsi və özəlləşdirilməsi tək bir qurum tərəfindən idarə olunmadığı üçün problemlər hər zaman olub və olacaq. Bu problemlərin aradan qaldırılması üçün torpaqların satılması üzrə vahid pəncərə sistemi yaratmaq lazımdır. Yəni hər bir vətəndaş torpaq sahəsi alan zaman bir yerdən almalıdır və əmin olmalıdır ki, həmin torpaq sahəsinin özəlləşdirilməsi və ya təkrar satışı problem yaratmayacaq".

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı da Sputnik Azərbaycan-a danışır. Onun sözlərinə görə, ölkədə mülkiyyətin üç növü var: xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və dövlət mülkiyyəti.

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

"Son zamanlar dövlət mülkiyyətində olan torpaqlar zəbt olunaraq üzərində kənar təyinatlı tikinti aparılması prosesi sürətlənib. Xüsusən də fərdi yaşayış evlərinin tikintisi nəzərə çarpır. Binəqədi rayonu ərazisində belə torpaq sahələri həddən artıq çoxdur. Burada torpaqların qiymətləri alıcıların imkanlarına cavab verir. Bu səbəbdən də alıcıların üstünlük verdiyi torpaq bazarının əsas hissəsi Binəqədi rayonundadır" — həmsöhbətimiz bildirir.

"Belə torpaqlar Sabunçuda, Suraxanıda, Xəzər, Xətai və Yasamal rayonlarında da var. Yəni üzərində qeyri-qanuni formada tikinti aparılan torpaq sahələri çoxdur. Amma nəzərə almaq lazımdır ki, həmin torpaqlar zəbt edilərkən və üzərində tikinti aparılarkən müvafiq icra hakimiyyəti ilə qeyri-qanunu şəkildə razılaşdırma əsasında aparılır. Belə problemlər təkcə Bakıda deyil, regionlarda da yaşanır. Yəni razılıq olmadan hansısa torpağı zəbt edib, orada tikinti aparmaq mümkün deyil" — Osmanlı diqqətə çatdırır.

Ekspert vətəndaşlara tövsiyə edir ki, alıcılar çıxarışı olmayan torpaq sahələrini almaqdan imtina etsinlər: "Mülkiyyət normalarının tanınması baxımından bu gün Mülki Məcəllədə hüquqi sənəd çıxarış hesab edilir. Torpaq alarkən istifadə və ya icarə hüquqi deyil, bilavasitə mülkiyyət hüququ varsa, həmin torpağı almaq olar. Ola bilər, satıcının əlində çıxarış olsun, amma həmin çıxarış mülkiyyət hüququnu tanımır. Belə torpaqların alınması da sonradan problem yarada bilər".

Xəbər lenti
0