BAKI, 23 yanvar — Sputnik. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin öz biliklərini sınamaq, müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə fevralın 2-də olacaq. İmtahan fevralın 2-si saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat fevralın 2-də saat 9:00-da başa çatacaq.