"Fevralın sonundan qiymətlərin daha da artması gözlənilir"

© Sputnik / Murad OrujovBakı avtomobil satış mərkəzi
Bakı avtomobil satış mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Osmanlı: "Ehtiyat hissələrinin qiyməti artdıqca bu hissələrin də qiyməti artır və bazara da təsirini göstərir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ilin yanvar ayının birindən qüvvəyə minən qərara əsasən, idxal olunan məhsullara tətbiq edilən aksiz vergiləri artırılıb. Təbii ki, bu verginin artırılması avtomobil bazarına da təsirsiz ötüşməyib. Sputnik Azərbaycan-ın əməkdaşı bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə söhbət edib.

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

— Xaricdən gətirilmiş işlənmiş təkərlərə belə, daha çox vergi qoyulur. Bunun avtomobil bazarına təsiri olacaq?

— Şin avtomobilin bir hissəsi və ən əsas detallarından biri hesab olunur. Müəyyən mənada yerli istehsalı stimullaşdırmaq baxımından vacib bir məqamdır. Bu gün Azərbaycanda "Şin Zavodu" Açıq Səhmdar Cəmiyyəti mövcuddur. SSRİ dağılandan sonra onun da fəaliyyəti dayanıb, sadəcə adı qalıb. Son illər ölkədə şin istehsalı ilə bağlı ayrı-ayrı sahibkarlar tərəfindən bir çox təşəbbüslər irəli sürülüb. Hətta bu cür istehsallarla bağlı texniki-iqtisadi əsaslandırmalar hazırlanmasında biz özümüz də iştirak etmişik.

Təəssüflər olsun ki, sonradan bizə məlum olmayan səbəblərdən bu proses dayanıb. Azərbaycanda yerli istehsalın artırılmasında avtomobil təkərlərinin istehsalı gözəl olardı. Amma işlənmiş təkərlərə bu cür rüsum tətbiq etmək bir az tez verilmiş qərardır. Öncə ölkədə şin zavodu tikilməli və istehsala başlamalıdır. Yerli istehsal bazarının ən azı 15-20 faizini ələ keçirəndən sonra bu qanunun qüvvəyə minməsi daha yaxşı olardı. Hətta qəzaların da bəziləri maşınlarda ehtiyat hissələrinin, xüsusilə şinlərin köhnəlməsi ilə bağlı olur. Ona görə də belə qərarlar verən zaman tələsmək olmaz.

— Azərbaycanda adambaşına düşən avtomobilin sayı çoxdur?

— Əksinə. Qonşu ölkələrlə müqayisədə, Azərbaycanda adambaşına düşən maşın sayı azdır. Bu gün Azərbaycanca avtomobil sayı bir milyon 400 minə yaxındır. Hər 10 nəfərə 1.3 maşın düşür. Rusiyada bu rəqəm 10 nəfərə 7, Qazaxıstanda 5.5, Ukraynada 5, Ermənistanda 2.7-dir. Avtomobilləşmənin qarşısını bu şəkildə almaq olmaz.

— Siz şin zavodunun tikilməsini təklif edirsiniz. Bir həqiqət var ki, ya zavod keyfiyyətli şin istehsal etməyəcək, ya da insanlar yerli istehsalın dünya standartına cavab verməyəcəyini düşünərək həmin şinləri almaqdan imtina edəcəklər…

— Təbii ki, Çin və Hindistan avadanlıqları ilə istehsal olsa, elə olacaq. Amma Avropa standartlarına uyğun avadanlıqlar gətirilsə, mütəxəssis yaranana kimi xaricdən peşəkarlar gəlib işləsə, bu zaman həqiqətən keyfiyyətli məhsul əldə etmək olar.

— Təkər ilə yanaşı avtomobilin digər hissələrində də bahalaşma müşahidə olunur. Bu da bazara təsir edəcək?

— Sözsüz. Maşının elə hissələri var ki, onlar daha bahalıdır və avtomobilin qiymətində xüsusi çəkiyə malikdir. Bunlara, xüsusilə maşının mühərrikini və ötürücünü qeyd etmək olar. Ehtiyat hissələrinin qiyməti artdıqca bu hissələrin də qiyməti artır və bazara da təsirini göstərir. 

Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşlənmiş təkərlərə də yeni gömrük rüsumu tətbiq edilir

— Yaxın gələcəkdə Azərbaycanda avtomobil zavodu açılacaq. Sizcə bu rüsumların artırılması yerli istehsal ediləcək maşınların ölkədə satılması üçündür?

— Ola bilər ki, bəzi dövlət qurumlarına, taksi şirkətlərinə həmin maşınların alınması ilə bağlı tapşırıq verilə. Amma ümumilikdə hər kəsə məcbur satmaq mümkün deyil. Ona görə də zavodda yerli alıcını qane edəcək, görünüşü zövqlü olan avtomobillər istehsal olunmalıdır ki, hər kəs yerli maşınlardan alsın.

— Bazarda indiki qiymətlər nə qədər artıb?

— Akses vergilərinin artırılmasından sonra 10 min civarında olan avtomobillərin qiymətində 1500-2000 manat artım var. Düşünürəm ki, hələ maşın bazarında durğunluq dövrüdür. Fevral ayının sonlarından maşın bazarında qiymətlərin daha da artması gözlənilir.

Xəbər lenti
0