BAKI, 20 yanvar — Sputnik. “Google” korporasiyası “Coursera” platforması ilə birlikdə ödənişsiz online kurs təşkil edəcək. Kurs 8-12 ay davam edəcək və iştirakçılardan arzu edən hər kəs nüfuzlu şirkətdə vəzifəyə namizəd ola biləcək.
AZƏRTAC xəbər verir ki, informasiya texnologiyaları üzrə "online" proqram 10 min insan üçün nəzərdə tutulub. Kursda iştirak üçün bu sahə üzrə təhsil, hazırlıq və iş təcrübəsi tələb olunmur. Bu proqrama bir milyard dollar sərmayə qoyulub. “Google” istehsalçıları bildiriblər ki, müvafiq kurs süni intellekt sahəsində kadr çatışmazlığı, eləcə də hər il ixtisassız əməkdaşların iş yerlərindən məhrum edilmələrinə görə təşkil olunub.
Təlim kursu hazırda şirkətin personalına kömək edən xüsusi metodlar əsasında düşünülüb. Kurs xüsusi virtual laboratoriyalarda keçiriləcək. Namizədlər kursu keçdikdən sonra böyük və tanınmış informasiya texnologiyaları üzrə şirkətlərdə işləyə biləcəklər.