İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 19 yanvar — Sputnik. Tovuzda dəhşətli hadisə baş verib. Belə ki, 62 yaşlı qadın işlədiyi mağazanın içində yanıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayon bazarındakı gül dükanında baş verib. Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasına düşüb və alışmağa başlayıb.
Qadın yaxındakı insanların köməyi ilə dükandan çıxarılaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Gəncə xəstəxanalarının birinə köçürülüb. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.
Hadisə şahidlərinin bildirdiyinə görə, 20 Yanvar Ümummilli Hüzn Günü ilə əlaqədar Nərgiz Əmiraslanova həmin gecə dükanda gecələməyə qərar verib.
Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.