İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Kənd sakini Royal Teymurov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, təkcə onun təsərrüfatında gün ərzində 3-5 toyuq naməlum səbəbdən tələf olur.
İndiyədək kənddə, ümumilikdə 30-dan artıq ev quşu tələf olub. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyevə müraciət edib və tələf olmuş toyuqlardan nümunələr götürülərək rayon və zona baytarlıq idarələrinə göndərilib.
Hadisə ilə bağlı ümumi kənddə narahatçılıq var. Kənd baytarının baş verənləri havaların kəskin soyuması və qurd xəstəliyinin olması ilə izah etməsinə baxmayaraq, kənd camaatı problemin çoxdan mövcud olduğunu, lakin soyuqların düşməsi ilə daha da aktivləşdiyini bildirir.
Qeyd edək ki, 10 minə yaxın əhalisi olan Xaçmaz kəndində 25 mindən artıq ev quşu var və toyuqların kütləvi şəkildə tələf olması ciddi bir xəstəliyin olması ehtimalını yaradır. Kənd sakinləri iddia edirlər ki, vaxtında addım atılmasa, proses daha da genişlənəcək. İnsanların bu narahatlığının əsas səbəblərindən biri də Türkiyədə "quş qripi"nin aşkarlanmasıdır.