BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni "Lactalis Group"un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatları geri götürüləcək. Sputnik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar 12 yanvar 2018–ci il tarixdə Fransanın iqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib.
"Lactalis Group" Beynəlxalq Fransa şirkətinin ölkəmizdəki təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi" MMC şirkətidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə "Lactalis Group"a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, müvafiq quruma "Lactalis" nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmayıb. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən quruma verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətin "Picot", "Milumel" və "Celia" uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməmiş, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilmişdir ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.
Bundan əlavə, "Lactalis Group"un Azərbaycandakı nümayəndəliyi "Lactalis Caspi" MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə "Celia" nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir.
Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən "Lactalis Group"a məxsus "Picot", "Milumel" və "Celia" nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda QTA-nın (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.