BAKI, 18 yanvar — Sputnik. 1955-ci il yanvarın 18-də məşhur amerikalı aktyor, rejissor və prodüsser Kevin Kostner (Kevin Michael Costner) anadan olub.
1973-cü ildə Fulton Dövlət Universitetinin marketinq fakultəsinə daxil olan Kostner həmin ali məktəbin teatr dərnəyinə də üzv yazılır. Eyni zamanda o aktyorluq dərsləri də alır və universitetdən sonra özünü bu sahədə sınamaq qərarına gəlir.
1981-ci ildə o "Vəhşi çimərlik" filmində çəkilir. Bu film o qədər də uğur qazanmır. 1987-ci ildə "Toxunulmazlar" və "Çıxış yoxdur" filmləri ilə Kostner populyarlıq qazanır.
Sonrakı filmlərdə də əldə etdiyi uğurlardan sonra Kostner özünü rejissor kimi sınamaq qərarına gəlir. 1990-cı ildə oun çəkdiyi "Canavarlarla rəqs" filmi ekranlara çıxır. Bu filmdə Kostner həm də baş rolu oynayır. Film "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyalarında Oskar mükafatını qazanır.
MDB məkanı tamaşaçılarına Kostneri "Cangüdən" filmindəki obrazı sevdirib. Bu filmdə Kostner məşhur müğənni Uitni Hyustonla tərəf müqabili olub.
Kevin Kostner bundan sonra bir sıra populyar filmlərdə çəkilib: “İdeal dünya”, "Kişilərin dünyası", "Poçtalyon" "Con F. Kennedi. Dallasda açılan atəş" və s.
Kostnerin müxtəlif nikahlardan 7 övladı var.