BAKI, 18 yanvar — Sputnik. "Apple" şirkəti ABŞ-da yeni şəhərcik salacağını və 20 min yeni iş yeri yaradacağını açıqlayıb.
Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, hazırda 50 əyalətdə 84 min nəfər işçinin çalışdığını vurğulayan şirkət rəsmiləri açılacaq yeni şəhərciyin harada olacağını da bu il elan edəcəklərini bildiriblər. Bu kompleksdə ümumi olaraq müştərilər üçün texniki xidmət göstəriləcəyi qeyd edilir.
Şirkət, eyni zamanda xarici ölkələrdən əldə etdiyi gəlirdən ABŞ-a 38 milyard dollar vergi ödəyəcəyini açıqlayıb. Bu, indiyə qədər texnologiya sahəsində ən böyük ödəniş olacaq.
"Apple" atdığı bu addımlarla ABŞ iqtisadiyyatına növbəti beş il ərzində 350 milyard dollar töhfə verəcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp uzun zamandır böyük şirkətlərin əməliyyatlarını ABŞ-a daşıması və vergi ödəməsinin lazım olduğunu deyirdi. "Apple"nin açıqlamasının ardından Tramp tvitterdə "Amerikalı çalışanlar və ABŞ üçün böyük qazanc" sözlərini yazıb.