İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 17 yanvar — Sputnik. Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bakı Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsinin yarandığı barədə məlumat vermişdi.
Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı sürüşmə zonasında olub və Əziz Qaralovdan ərazidə yarana biləcək təhlükə ilə bağlı məlumatlar əldə edib. Qaralov bildirib ki, sözügedən ərazidə sürüşmələr, çökmələr tez-tez baş verib.
"Mən sizə əsrin əvvəllərindən bu günə qədər olan hadisələrdən danışıram. Bu ərazidə, eləcə də yaxınlığında, köhnə məhkəmə tərəfdə bu günə qədər çoxsaylı sürüşmələr, çökmələr baş verib. 2000-ci ildə aşağı ərazidə 37 metr çökdü, Neftçilər prospektində təxminən 200 metr məsafədə asfalt qalxdı. Dərinlikdəki horra şəklində olan məhlul ora yığıldı. Ancaq həmin məhlul dənizə axa bilmədiyi üçün asfalt hündür qaldı" — müsahibimiz deyib.
Qaralovun sözlərinə görə, çökmənin, sürüşmənin əsas səbəbi "Qanlı göl"dür: "Qanlı göl"ün mütləq yüksəkliyi 138 metrdir. Geologiyada ərazinin strukturu "təknəvari struktur" adlanır. Yəni axın var, gölə su gəlir, amma çıxış yoxdur. Layların da hamısı dənizə tərəf 15 dərəcə bucaq altında yatır. Su gəldikcə torpaq doyur və ondan sonra çökmə baş verir".
ETSN rəsmisi gölü bir dəfə qurudulduğunu bildirib: "Yenə görürük ki, əvvəlki vəziyyətinə qayıdır. Hazırda bu ərazidə çatların dərinliyi 5-6 metr təşkil edir. Bəzi yerlərdə çatların eni 1 metrə, dərinliyi isə 7 metrə çatır. Buradakı çatın uzunluğu 70 metrdir. Sürüşən ərazi gil qatıdır. Gil qatı suyu buraxmır. Su atmosfer çöküntüləri yığılır və horra şəklində maddə əmələ gəlir. Qrunt da doyduğuna görə ağırlıq qüvvəsi kravitasiya nəticəsində yamac istiqamətində, yəni cənub-şərq istiqamətində kütlə uçur. Bu da həmin prosesin nəticəsidir".
Həmsöhbətimiz qeyd edir ki, yamacın aşağı hissəsi tikinti məqsədilə kəsilib və bu da bu prosesin sürətlənməsinə səbəb olub: "Yamacı qətiyyən kəsmək olmaz. Ərazidə suvarma damcı üsulu ilə həyata keçirilir, yəni müəyyən qədər riayət olunur. Bu ərazi tikinti üçün deyil, burada tikinti aparmaq olmaz".
""Teleqüllə" tikiləndə bünövrədən çıxarılan torpaq ərazilərə tökülüb. Mən görməsəm də, eşitdiyimə görə, "Teleqüllə" tikiləndə torpaqlar bu ərazilərə tökülüb. Bəlkə də üzərində durduğumuz torpaq tökmə torpaqdır. Amma burada tökmə torpağın olduğunu sübut etmək üçün ərazidə geoloji iş aparılmalıdır. Buruq qazma işləri getməli, ərazidən nümunə götürülməli, laboratoriyaya fiziki xüsusiyyətlərinin öyrənilməsi üçün verilməlidir. Ondan sonra dəqiq fikir bildirmək olar ancaq" — ekspedisiya rəisi vurğulayıb.
Qeyd edək ki, ərazidə xırda çatlar çoxdur. Amma əsas çat uzunluğu 70, eni 1 və dərinliyi 5-7 metr olan çatdır. Z.Qaralovun dediyinə görə, bir ay öncə də əraziyə baxış keçirilib və keçən ayla müqayisədə çatda bir qədər genişlənmə müşahidə edilir: "Bir müddət əvvəl sürüşmənin qarşısının alınması üçün istinad divarı tikilib. Ancaq artıq istinad divarında da təhlükəli çatlar əmələ gəlib və genişlənməkdədir. Çatlar bir qədər də genişlənsə, kütlə qabağa gedəcək".
Geoloq onu da diqqətə çatdırıb ki, torpağın su ilə qidalanmasının "Qanlı göl"dən qaynaqlandığını sübut etmək üçün ərazidə quyu qazılıb və həmin quyuda 60 metrdən sonra su çıxmağa başlayıb. Belə ərazilərdə də tikinti aparılmasına icazə yoxdur. Amma ətrafa göz gəzdirəndə sıra ilə düzülmüş evlər, tikilməkdə olan evlər nəzərimizdən qaçmadı. Ərazi hazırda təhlükəli ərazi hesab edilir, ancaq aşağı hissədə yamac kəsilib və tikinti işləri aparılır.
Müsahibimiz əlavə edib ki, insanlar təbiətə verdikləri zərərin zamanla özlərinə qayıtdığını düşünmür və bu da çox təhlükəlidir: "Belə ərazilərdə tikinti aparılmasına icazə olmamasına baxmayaraq, hazırda ərazidə tikinti gedir və qaz sayğacı da quraşdırılıb. Bu da o deməkdir ki, tikinti "qanuni"dir. Halbuki burada tikinti aparmaq olmaz. İnsanlar əvvəlcə təhlükəli ərazidə ev tikir, sonra da "evim çökür" deyərək dövlətdən yardım istəyir".