BAKI, 17 yanvar — Sputnik. Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edir.
Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.
İşçi görüşü yanvarın 18-dək davam edəcək.