BAKI, 16 yanvar — Sputnik. ABŞ-da dövlət qurumlarından Çinin “Huawei” və ZTE şirkətlərinin məhsullarından və xidmətlərindən istifadə olunmasını qadağan edən qanun layihəsi hazırlanıb.
Sputnik Azərbaycan lent.az-a istinadən xəbər verir ki, “ABŞ hökumət kommunikasiyalarının müdafiəsi haqqında” (Defending U.S. Government Communications Act) qanun respublikaçı Konqres üzvü Mayk Konauey (Mike Conaway) tərəfindən təqdim edilib. Konqresmen bəyanatında bildirib ki, “Huawei” və ZTE-nin məhsulları ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır: “Bu istehsalçıların məhsullarından istifadə etmək Çin kəşfiyyatını həyatımızın bütün anlarına dəvət etmək deməkdir”.
M.Konauey Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin məlumatına əsaslanır. Komitə hesab edir ki, “Huawei” istifadəçilərin məlumatlarını Çin dövlət orqanları ilə bölüşə bilər. 2017-ci ilin dekabrında Palatanın və Senatın kəşfiyyat komitələri ABŞ-ın rabitə üzrə federal komissiyasına bu barədə məktub göndəriblər. Məktubda deyilir ki, ABŞ mobil operatorları “Huawei” ilə əməkdaşlıq edərsə, bu, ölkənin təhlükəsizliyinə xələl gətirə bilər. Məhz bu məktubda sonra ABŞ-ın iri mobil rabitə operatoru AT&T son anda “Huawei” smartfonlarının satışı barədə bu şirkətlə anlaşmaqdan imtina edib. “Verizon” da “Huawei ilə saziş imzalamayıb. Hər iki halda Çin şirkətinin ötən ilin oktyabrında təqdim etdiyi “Huawei Mate 10” smartfonlarının amerikalı operatorların pərakəndə şəbəkələri vasitəsilə ABŞ bazarında satışa çıxarılması nəzərdə tutulurdu. “Huawei” bu smartfonu vasitəsilə ABŞ-da yeni “iPhone” ilə rəqabətə girməyə hazırlaşırdı. “Huawei Mate 10” endirimsiz 900 dollardan bahadır.
Çin şirkəti dünya smartfon bazarında “Apple” və “Samsung”dan sonra üçüncüdür. Aydındır ki, “Huawei”ə qoyulan qadağa “Apple” və “Samsung”a sərf edir. Halbuki çinlilər yaxın gələcəkdə smartfon satışında bu 2 “divi” ötməyi planlaşdırırdı.