BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Volkan Bozkır bildirib ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir. Bir neçə gün sonra ölkəmizdə Qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd edib. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.
Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulayıb.
Dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirib, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini deyib.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.