CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burada doğulasan, böyüyəsən, çalışasan, amma bu dövlətin dilini bilməyəsən...

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiyada hər kəs işə qəbul zamanı rus dilindən imtahan verməlidir, amma Azərbaycanda daha çox xarici dil bilgisinə üstünlük verilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. "Bir ölkənin vətəndaşı olmaq tələb edir ki, onun dövlət dilini biləsən. Bu, bütün dünyada belə qəbul edilib. Bəzi ölkələrin bir neçə dövlət dili var və onların heç olmazsa, birini bilmək çox vacibdir".

İlham Əliyev və Mehriban Əliyeva - Sputnik Azərbaycan
Birinci vitse-prezident: "Evdə həm Azərbaycan, həm də rus dilində danışırıq"

Bunu millət vəkili, dilçi-alim Nizami Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O, Azərbaycanda da başqa dillərin işlənməsinin sərbəst olduğunu və bu məsələdə heç bir xüsusi qadağa tətbiq edilmədiyini xatırladıb: "Bizdə ümumi ölkənin mühiti elədir ki, Azərbaycan dili inkişaf etmiş dillərdən biridir. Bu dil dünyada nüfuzuna görə 21-22-ci yerdədir. Bu, xırda bir məsələ deyil. Yəni bu dilin öyrənilmə imkanları yaradacaq nüfuzu var. Ölkəmizdə zəngin ədəbiyyat var, dil kursları var. Kimsə Azərbaycan dilini yaxşı bilmirsə, gedib öyrənə bilər".

"Dili dərindən bilmək ayrı məsələdir. Bəzən heç bizim azərbaycanlılar da dili lap dərindən bilmirlər. Bununla yanaşı, ümumiyyətlə, Azərbaycanda elə bir adam təsəvvür etmək mümkün deyil ki, burada doğulsun, böyüsün və dövlət dilini bilməsin. Belə hal çox azdır və yaxud da yox dərəcəsindədir" — alim bildirib.

Cəfərovun sözlərinə görə, ölkəmizdə hər hansı bir işə qəbul olunan zaman imtahan da Azərbaycan dilində olur: "Azərbaycan dilindən imtahan verilməlidir. Ali təhsil almaq üçün rus bölmələrində təhsil alanlar da Azərbaycan dili fənnindən qəbul imtahanı verirlər. İşə girəndə Azərbaycan dilini bilmək birinci dərəcəli məsələdir".

Dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu isə Sputnik Azərbaycan-a açıqlamasında, vətəndaşlar arasında təbəqələşməyə gətirib çıxaran rusdilli vətəndaşlar anlayışının əleyhinə olduğunu bildirib: "Çünki rusdilli, ingilisdilli və sair deməklə vətəndaşlar arasında müəyyən bir təbəqələşmə meydana gəlir. Bu da təhlükəli tendensiyadır".

"Amma hər bir Azərbaycan vətəndaşı bu dildə danışmağı, yazmağı mükəmməl şəkildə bilməlidir. Çünki Azərbaycanda bütün proseslər dövlət dilində həyata keçirilir. Azərbaycan vətəndaşının ana dilini bilmək, danışmaq həm mənəvi borcudur, həm də hüquqi borcudur" — İsmayıloğlu qeyd edib.

Alimin sözlərinə görə, Rusiyada hər kəs işə qəbul zamanı rus dilindən imtahan verməlidir, amma Azərbaycanda daha çox xarici dil bilgisinə üstünlük verilir: "Bu da yanlış bir anlayışdır. Çünki dövlət dilini bilmədən ölkədə vətəndaşın hər hansı bir fəaliyyətlə məşğul olmasını bir az anormal hal hesab edirəm. Bu problemlər bizdə məişətdə mövcuddur".

© © KarikaturaAna dilini öyrənməyin vacibliyi
Ana dilini öyrənməyin vacibliyi - Sputnik Azərbaycan
Ana dilini öyrənməyin vacibliyi

"Məsələn, dükanlarda satıcılar daha çox xarici dildə danışmağa üstünlük verirlər. Halbuki, prioritet ana dili olmalıdır. Ölkəmizə gələn turistlərin belə, məkanlarda ilk olaraq Azərbaycan dilində qarşılanması ölkənin tanıdılması, dilimizin təbliği üçün də vacib məsələdir" — müsahibimiz vurğulayıb.

Dilçi-alimin qənaətincə, bu problemi daha çox inzibati yolla həll etmək yaxşı olar: "Hər hansı bir vasitə ilə xəbərdarlıq edilməlidir ki, həmin obyektlərdə rəhbər şəxslər bu məsələ ilə bağlı işçilərini təlimatlandırsınlar. Yəni müştərini ilk olaraq dövlət dilində qarşılasınlar".

Xəbər lenti
0