BAKI, 14 yanvar — Sputnik. Türkiyənin Trabzon şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Ankara-Trabzon reysi ilə uçan təyyarə eniş zolağından kənara çıxıb.
"Pegasus Airlines"ə məxsus "Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb. Xoşbəxtlikdən təyyarə dənizə yuvarlanmayıb və torpaq sahədə ilişib. Hadisə zamanı təyyarədə 162 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.
Müəyyən müddətə bağlanılan hava limanı artıq yenidən açılıb. Hazırda təyyarənin düşdüyü yerdən çıxarılması üçün çalışılır.
Olayın hansı səbəbdən baş verməsi araşdırılır.