BAKI, 13 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hizbullah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin bəyanatında deyilir.
"İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri "Hizbullah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir" — deyə Trampın bəyanatında deyilir.
Amerika liderinin sözlərinə görə, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb.