BAKI, 12 yanvar — Sputnik. İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.
Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.
"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək" — ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb. O, qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.
ATƏT sədrinin bəyanatı yenidən belə bir sualı aktual edir – bu qurum Qarabağ münaqişəsini həll etməyə qadirdimi? Nəzərə alsaq ki, danışıqlar prosesi dalana dirənib, sualın cavabı bəllidir. Lakin Qarabağ münaqişəsini Azərbaycan təkbaşına həll edə bilməz. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv olan dövlətlərin daha çox müzakirə obyektinə çevrilib. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin bu qurum münaqişənin həlli istiqamətində heç bir əməli addım ata bilmədi.
Onu da vurğulayaq ki, 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda daimi həmsədrlik Rusiyaya tapşırıldı. İkinci həmsədr isə Finlandiya seçildi, sonradan isə İsveçlə əvəz edildi. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət — yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etdilər.
Onu da qeyd edək ki, qəbul edilməyən "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri", "yenilənmiş Madrid prinsipləri", "Kazan razılaşması" kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir və nəzərə alsaq ki, bu il Azərbaycan və Rusiyada prezident seçkiləri, Ermənistanda isə parlament üsul-idarəsinə keçiriləcək, il ərzində nəyinsə dəyişəcəyi ehtimalı da azdır…