BAKI, 11 yanvar — Sputnik. İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.
"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək" — ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.