BAKI, 12 yanvar — Sputnik. Zığ qəsəbəsində tez-tez baş verən sürüşmə səbəbindən tərk edilmiş, yaxud yaşamaq üçün təhlükəli olan evlərin sayı az deyil. Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, son günlər KİV-də və sosial şəbəkələrdə haqqında danışılan Zığda sürüşmə prosesi yeni deyil: "Bu, müntəzəm olaraq müşahidə edlir və əvvəl də müşahidə edilib. Qum Adasından tutmuş Zığ qəsəbəsi də daxil olmaqla, Yeni Günəşli qəsəbəsinə doğru ərazilər tektonik zolaqda yerləşir".
"Zığ qəsəbəsi ərazisində isə şaquli çatlar qeydə alınır. Bu ərazilər insan amili səbəbindən kifayət qədər aşınmaya məruz qalıb ki, nəticədə torpaqda çatlar və kəsiklər əmələ gəlib. İnsanlar orada çoxlu ev tikiblər" — müsahibimiz bildirib.
Qaralov, həmçinin qeyd edib ki, suvarma, kanalizasiya sisteminin olmaması və atmosfer yağıntıları torpağın vəziyyətinə o qədər də təsir edə bilməz: "Fəlakətlərdən qaçmaq üçün Zığ qəsəbəsində evləri zərər görmüş bir çox sakinə ev tikmək üçün Hövsan qəsəbəsində torpaq ayrılıb. Ancaq insanların ərazi üzərində təsirləri davam edir, yamaclar çatlayır".
Ekspedisiya rəisinin sözlərinə görə, hazırda Abşeron rayonunda ən təhlükəli ərazilər Bozdağ vulkanı üzərində yerləşən Nübar və Hökməli qəsəbələridir: "Onlar həm də Masazır qəsəbəsindəki Zəli gölü səmtində yerləşir".
Analoji sürüşmənin və çatların Bayıl yamacında da olduğu sirr deyil. Elə son günlərdə Teleqüllə sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub-şərqdə torpaq qatında, eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Və o çatların genişlənməsi fəallaşıb.
Bu günlərdə AZƏRTAC xəbər vermişdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası dekabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Nəticədə respublika ərazisində 94 sürüşmə hadisəsi qeydə alınıb.
Paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə görə, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində həm atmosfer yağıntılarının, həm də texnogen amillərin təsirindən sürüşmə prosesində nisbi aktivlik qeydə alınıb. Həmçinin rayonun Günəşli Yaylası oturma sahəsində prosesin dinamikası atmosfer yağıntılarının təsirindən nisbətən aktivləşib.
Bundan əlavə, Binəqədi rayonunda, I mədən sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən subasma prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillər sürüşmə sahəsində, Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.
Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib. Bundan başqa, Səbail rayonunda "Teleqüllə" sürüşmə sahəsində, Teleqüllədən 200-250 metr cənub-şərqdə, torpaq qatında eni 0,1-1, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub.