BAKI, 11 yanvar — Sputnik. Rusiyanın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Vasili Nebenzya, bu ayın axırı Soçidə keçiriləcək Suriya danışıqları ilə bağlı yeni açıqlama verib.
O deyib ki, Soçidəki görüş, Cenevrə danışıqlarına alternativ deyil.
"Soçi danışıqları Cenevrəyə alternativ deyil. Bu danışıqlar BMT himayəsindəki Cenevrə müzakirələrini canlandırmaq üçün keçirilir" — rus diplomat bildirib.
Vasili Nebenzya İŞİD-dən təmizlənən və xarabalığa dönən Raqqa şəhəri barədə də danışıb: "Raqqada cəsədlər küçələrdə çürüyüb. İnsanlar evlərinə qayıda bilmirlər. Şəhəri terrorçulardan təmizləyənlər oranın yenidən inşasına da yardım etməlidir".
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Vasili Nebenzyanın çıxışından sonra söz alan, İngiltərənin BMT-dəki daimi təmsilçisi Metyu Raykroft Rusiyanı sərt tənqid edib.
"Sizin döyüş təyyarələriniz Bəşər Əsəd rejimi ilə birgə İdlib və Şərqi-Quta bölgələrindəki sivilləri havadan bombalayır. Biz Təhlükəsizlik Şurasında bu məsələni gündəmə gətirəcəyik" — ingilis diplomat qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Rusiyanın Soçi şəhərində Suriya danışıqlarının növbəti mərhələsi keçiriləcək.