BAKI, 11 yanvar — Sputnik. Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu – Azərbaycanın paytaxtının əsas hava qapıları – növbəti rekorda imza atıb. Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O bildirib ki, 2017-ci ildə 4,06 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.
"2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – "Air Arabia", "Wataniya Airways", "ISR Air", "Jazeera Airways", "IrAero", "Mahan Air", "İkar" aviaşirkətini ("Pegasfly" brendi) və Azərbaycanın ilk loukosteri "Buta Airways"i qarşılayıb. Hesabat dövründə "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, "Buta Airways" loukosterinin payına isə 92 min sərnişin düşüb. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınıb".
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 46 faizi AZAL-ın və "Buta Airways"in, 54 faizi isə xarici aviadaşıyıcıların payına düşüb.
Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna — Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olub. 2,52 milyon sərnişin bu istiqamətlərə uçub.