Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 8 yanvar — Sputnik. Şimal bölgəsində növbəti intihar hadisəsi baş verib. Şabran rayon sakini yanvarın 6-da axşam saatlarında canına qəsd edib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Hacıqaraqaşlı kənd sakini, 49 yaşlı Rahib Əliyev mal-qara üçün nəzərdə tutulan kimyəvi dərman içib. Əliyev rayon xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını qurtara bilməyiblər.
Əliyevin intihar etməsinin səbəbi ilə bağlı müxtəlif versiyalar səslənir. Ailəsindən verilən məlumata görə, ailədə onlarla bərabər Ukrayna vətəndaşı olan başqa bir şəxs də yaşayıb. O, şəxslə mərhum qardaş kimi bir ailədə böyüyüb.
Sözügedən şəxsin şəxsiyyətinin araşdırılması zamanı məlum olub ki, kişi Ukrayna respublikasında çinayətkar qismində axtarışdadır. Bu səbəbdən də hüquq-mühafizə orqanları Rahib Əliyevi cinayət törətmiş şəxsi gizlətmək adı ilə dəfələrlə sorğuya çağırıb. Bu sorğulardan təngə gələn Rahib intihara əl atıb.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün rayon prokurorluğuna müraciət etsə də, prokurorluqdan məlumat verməkdən imtina ediblər.
Hadisə ilə bağlı Şabran rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.
Rahib Əliyevin 2 oğlu var.