BAKI, 8 yanvar — Sputnik. Etiraz aksiyaları səngiyər-səngiməz İranda sərt qadağalar başlayıb. Bu yöndə ilk açıqlama İran İslam Respublikasının Ali Təhsil Şurasının sədri Mehdi Navid-Adhamdan gəlib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Navid-Adham dövlət və özəl məktəblərdə ibtidai siniflərdə rəsmi olaraq ingilis dilinin tədris olunmasını qanunlara zidd adlandırıb.
"İngilis dilinin hətta qeyri-rəsmi tədrisi də qadağan ediləcək. Buna səbəb isə şagirdlərin İran adət-ənənələrini ilk tədris illərində dərindən öyrənməsidir" — sədr bildirib.
Qeyd edək ki, İranda ingilis dili 12-14 yaşlı uşaqlara öyrədilir. Bəzi ibtidai məktəblərdə isə daha kiçik yaşlardan tədris olunur. Hətta bir çox valideynlər uşaqlarının daha mükəmməl ingilis dili bilməsi üçün əlavə təhsil verirlər.