Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan üçün fürsət qapıları: Onlar yenidən bağlanacaq?

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün proqnozlar neftin qiymətinin Azərbaycan üçün sərfəli həddə olmasını, yəni il ərzində orta qiymətin təqribən 50-60 dollar arasında dəyişəcəyini göstərir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. "Şimal dənizindəki yataqlardan Böyük Britaniyaya gələn boru kəmərində sızmanın baş verməsi dünyada neftin qiymətinin qalxmasına təsir edib". Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib.

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban

İ.Şaban bildirib ki, sutkalıq 400 min barel neft nəql etmək imkanı olan bu boru kəməri təmirə dayanıb: "Sızma neftin qiymətinin birdən-birə 2 dollar bahalaşmasına gətirib çıxarıb və neft o zaman 65 dolları keçib. Ötən ilin sonunda birjalar bağlananda London birjasında "Brent" markalı neft 66.62 dollardan bağlanıb. Sonradan Liviyada Aralıq dənizinə çıxan ixrac boru kəmərində diversiya baş verib. Bu da Liviyanın ixrac imkanlarını məhdudlaşdırıb və neftin qiymətinin 66 dolları keçməsinə kömək edib".

"Digər tərəfdən neftin qiymətinə yanvarın 3-də Amerika Neft İnstitutunun ilk açıqlaması təsir edib. Açıqlamada deyilir ki, ABŞ-da həftəlik neft ehtiyatlarının 5 milyon barel azalması gözlənilir. Bu, birjalara gözlənilməz bir təsir edib və qısa bir zamanda neftin qiyməti 68 dollar 21 sentə qədər artıb. Bu da kifayət qədər yüksək bir göstəricidir. Amerika bazarı 2014-cü ilin sonundan dünya neft bazarına çox həssas təsir etmək gücünə malik olub. Amerikada həftəlik neft ehtiyatlarının, neft buruqlarının sayının, hasilat göstəricilərinin açıqlanması dünya bazarında neftin qiymətlərinə həmişə təsir edir. Amerikada həftəlik neft ehtiyatlarının azalması bazara təsirsiz ötüşməyə bilməzdi" — ekspert vurğulayıb.

Onun fikrincə, burada digər faktor da nəzərdən qaçmamalıdır: "İlin əvvəlindən Kanadada, ABŞ-da havalar normadan soyuq keçir və enerjiyə tələbat da artıb. Bu da neftin qiymətlərini "qızdıran" amillərdən biridir".

Şabanın qənaətincə, ümumiyyətlə götürəndə neftin qiyməti zaman-zaman artır-azalır və burada əsas göstərici orta qiymətdir: "Ötən il "Brent" markalı neftin qiyməti 54 dollar olubsa, bu il üçün 57 dollar civarında olacağı ilə bağlı proqnozlar var. "Brent" markalı neftin qiymətinə korreksiya fevral ayının 2-ci yarısında olacaq. Çünki ilin yekunları və ilkin gözləntilər olur və bundan sonra korreksiyalar başlanır".

"Ancaq ən real neftlə bağlı açıqlamalar aprel ayının 20-dən sonra olacaq. Yəni 1-ci rübün yekunları ilə bağlı dünya iqtisadiyyatının, şirkətlərin vəziyyəti və iqtisadiyyatın neftə olan tələbatı açıqlandıqdan sonra olacaq. Başqa göstəricilər, yəni bir gün qiymət qalxdı, o biri gün düşdü, bunlar ümumi ab-havanı dəyişmir. Necə ki, 2016-cı ilin iyul ayında neftin qiyməti 42 dollara düşmüş, dekabr ayında isə 66 dollara qalxmışdı" — həmsöhbətimiz qeyd edib.

"İranda dekabrın sonunda başlayan hadisələr dünyada neftin qiymətinə təsir edə bilərmi?" sualına cavabında isə ekspert deyib ki, bunun qiymətə təsiri yoxdur: "Hələ heç bir informasiya yoxdur ki, İranda hansısa mədənin işçiləri, neft buruqlarında çalışan fəhlələr həmin aksiyalara qoşulduğundan hasilat azalıb. Digər tərəfdən, İranın bütün yataqları Fars körfəzi ətrafında cəmləşib".

İqtisadçı-ekspert Azər Mehtiyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dünya bazarında neftin qiymətinin qalxması fonunda Azərbaycan neftinin də qiyməti qalxıb: "Burada İranda baş verən hadisələr də birbaşa rol oynayır. Düzdür, bu hadisələr hələ ki, İranda neft hasilatının həcminə və dünya bazarına çıxarılmasına ciddi bir təsir göstərməyib. Ancaq istər-istəməz, əsas neft hasilatı ölkələrində baş verən bu cür siyasi proseslər birbaşa neft bazarlarına psixoloji təsir göstərir. Və qiymətin qalxmasında rol oynayır".

© Facebook/ Azer MehtiyevAzər Mehtiyev
Azər Mehtiyev - Sputnik Azərbaycan
Azər Mehtiyev

Mehtiyevin sözlərinə görə, 2017-ci ildə neftin qiyməti nisbətən sabit və 50-60 dollar arasında dəyişib: "İndiki halda bu qiymət sabitliyi və neft hasilatı ölkələrində baş verən siyasi proseslər (İran, Liviya və digər) qiymətin qalxmasını şərtləndirib. Yəni bütün hallarda biz bazarda ciddi bir artım tələbi və bu səbəbdən qiymət artmasının baş verdiyini qeyd edə bilmərik. Qiymət artımı daha çox siyasi proseslərdən qaynaqlanır. Bu halda da hadisələrin sabitləşməsi və neft təklifinin kəskin dəyişilməməsi neftin qiymətinin yenidən aşağı düşməsini şərtləndirən amildir".

"Ancaq bununla belə, bütün proqnozlar neftin qiymətinin Azərbaycan üçün sərfəli həddə olmasını, yəni il ərzində orta qiymətin, təqribən 50-60 dollar arasında dəyişəcəyini göstərir. Neftin qiymətinin 70 dollar səviyyəsində qalmasını uzun müddət gözləmək lazım deyil. Yəni bu, müvəqqəti ola bilər və qiymət yenidən təqribən 60 dollar civarına düşəcək" — deyə iqtisadçı bildirib.

Qeyd edək ki, yanvarın 5-nə Azərbaycan neftinin qiyməti 70 dolları keçib. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 68,01 dollar, Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar azalaraq 61,95 dollar olub.

Xəbər lenti
0