BAKI, 5 yanvar — Sputnik. "Bələdiyyələrin statusu haqqında" qanunun 4-cü maddəsinə (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, qanunun 4-cü maddəsində aşağıdakı dəyişikliklər edilib: 2-ci hissənin ikinci abzasında "abadlaşdırılması" sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi" sözləri ilə əvəz edilib və həmin abzasda "mərasim" sözündən sonra "və dəfn" sözləri əlavə olunub.
Digər dəyişikliklə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilib: "Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.".
Təklif olunan variantda deyilir ki, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Mövcud variantda isə deyilir ki, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, abadlaşdırılması, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.
Qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunub.
Dəyişikliklər Milli Məclisin ötən il dekabrın 29-da keçirilən payız sessiyasının sonuncu plenar iclasında səsə qoyularaq qəbul edilib.