CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını köhnələrdən təmizləmə prosesi nə vəd edir?

© Sputnik / Murad OrujovВид на Flame Towers в Баку
Вид на Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Bu söküntü-tikinti dalğasında əsas məqsəd köhnə evlərdə yaşayan insanları yeni mənzillərlə təmin etməkdir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Nazirlər Kabinetinin 86 saylı qərarından sonra Bakının müxtəlif rayonlarında söküntü bumu başladı. Qərara görə, Bakının 11 rayonunda köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli, köhnə binaların sakinləri razı salınmalı, yeni mənzillə təmin edilənə qədər, kirayədə yaşamaları üçün kirayə haqları ödənilməli idi.

© Photo : Facebook / makler1979Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev - Sputnik Azərbaycan
Tikinti eksperti Elnur Fərzəliyev

Hələ bu proses sakit şəkildə davam edir. Amma ekspertlər hesab edirlər ki, cari ildə hansısa maliyyə böhranı baş verərsə, tikinti şirkətlərinin əksəriyyəti işi yarımçıq qoya bilər.

Tikinti eksperti Elnur Fərzəliyevin Sputnik Azərbaycan-a izahına görə, Bakı şəhərində start verilmiş pilot layihələrin tikintisi köhnə binaların yenilənməsinə və şəhərin gözəlləşməsinə xidmət etsə də, bu layihələrin geniş miqyas alması gələcəkdə bəzi ciddi problemlərə yol aça bilər: "Dövlət layihəsi olan bu proses dövlətin dəstəyi ilə, bir çox hallarda iş adamları tərəfindən aparılır. Evləri sökülmüş sakinlərə bina təhvil verilənə qədər kirayə pullarının ödənilməsində və həmin binalardan mənzillə təmin olunmalarında hələ ki ciddi problem yaşanmasa da, söküntülərin geniş halda aparılması gələcəkdə tikinti şirkətlərinin iflasa uğramasına gətirib çıxara bilər".

Ekspert bildirir ki, tikinti şirkətləri qoyduqları sərmayələri əlavə tikilmiş mənzillərin satışından əldə edir: "Lakin tikintilərin geniş miqyaslı aparılması gələcəkdə tikinti şirkətlərini alıcı qıtlığı ilə üz-üzə qoya bilər. Bu isə, həm evlərin qiymətlərinin ucuzlaşmasına, həm də tikintilərin yarımçıq qalmasına gətirib çıxara bilər".

Fərzəliyev hesab edir ki, söküntü işləri, əsasən qəzalı binalarda və istismar müddətini tam başa vurmuş, şəhərin arxitekturasına xələl gətirən keçmiş yataqxanalarda və bu tip binalarda aparılmalıdır: "Lakin söküntü aparılacaq ərazilərin seçiminin tikinti işlərini aparan şirkətlərin öhdəsinə buraxılması da sakinlərdə bəzi narazılıqlar yaradır. Belə ki, söküntü işlərinin, əsasən qəzalı və sökülməli binalarda aparılmalı olduğu hallarda, şirkətlər daha çox geniş həyət-bacası olan binaları sökməyə və daha geniş binalar tikməyə üstünlük verir".

"Bu layihələrə nəzarət edən qurumlar söküntü işləri aparılmış ərazilərdəki yarımçıq binalar tikilib təhvil verilməyənə qədər digər söküntülərin aparılmasına icazə verməməlidir. Əks halda, baş verə biləcək problemlər hər kəsə məlumdur. Çıxış yollarından biri kimi tikilməkdə olan mənzillərin qısa müddətdə çıxarışla təmin olunması və mənzillərin az faizlə, uzunmüddətli kreditlə satılmasıdır" – deyə ekspert qeyd edir.

Həmsöhbətimiz iddia edir ki, əks halda Bakını ciddi narazılıq dalğası bürüyə bilər.

Millət vəkili Vahid Əhmədov isə bu tip fikirləri qəbul etmir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tikinti ilə bağlı mühüm mexanizmlər həyata keçirilir: "Bilirsiniz ki, bu istiqamətdə dövlət başçısının sərəncamları var. Bakı Şəhər İcra Hakimiyyətindən də köhnə tikintiləri söküb, yeni tikililərlə əvəz etməyə icazə verilib. Yeni binaların tikilməsi üçün sahibkarlara şərait yaradılıb. Buna görə də tikinti şirkətləri köhnə binaları sökür və həmin binalarda yaşayan sakinlərə də başqa yerlərdə kirayə yaşamaq üçün müəyyən qədər vəsait verilir".

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vahid Əhmədov

"Düzdür, bəzən tikinti şirkətləri ilə sakinlər arasında müəyyən narazılıqlar yaşanır, qiymətlə əlaqədar müəyyən problemlər olur. Amma bu problemlər də öz həllini tapır. Buna görə də gələn il kütləvi aksiyaların baş qaldırması fikri ilə razılaşmıram" — deyən millət vəkili hesab edir ki, kiçik miqyaslı aksiyalar hər zaman olub.

"Ancaq dövlət heç bir zaman belə aksiyaları diqqətdən kənarda saxlamır, zaman-zaman bu problemlər müzakirə edilərək həllini tapır. Yadınıza gəlirsə, Yasamalda söküntülər olanda baş nazirin müavini Abid Şərifov əhali ilə görüşdü, vəziyyəti başa saldı. Yəni problemlər olur və zamanında da həllini tapır. Hökumət, dövlət, tikinti şirkətləri ilə əlaqədar olan istənilən problemlər zamanında həllini tapır. Bu söküntü-tikinti dalğasında əsas məqsəd köhnə evlərdə yaşayan insanları yeni mənzillərlə təmin etməkdir. Bu baxımdan ciddi kütləvi narazılığın olacağını düşünmürəm" — deyə V.Əhmədov qeyd edib.

Xəbər lenti
0