BAKI, 5 yanvar — Sputnik. Pentaqon ABŞ-ın Şimali Koreyaya qarşı müharibəyə başlayacağı barədə mətbuatda yayılan iddialara cavab verib. Sputnik Türkiyə xəbər verir ki, Müdafiə Nazirliyi bunun yalan olduğunu bəyan edib.
“Fox News” telekanalı 2 gün öncəki xəbər buraxılışında qarşıdakı aylarda Amerikanın KXDR-ə qarşı hərbi əməliyyata başlayacağını irəli sürmüşdü.
"Əgər Şimali Koreya Vaşinqtonun şərtlərini yerinə yetirməsə, nüvə proqramından imtina etməsə, qarşıdakı aylarda hərbi əməliyyat başlanacaq" – telekanal xəbər yaymışdı.
Qeyd edək ki, son günlər Pxenyan və Vaşinqton arasında gərginlik ən pik həddə çatıb. Hər iki ölkə bir-birlərini qarşılıqlı olaraq nüvə müharibəsi ilə hədələyir.