Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 4 yanvar — Sputnik. Sumqayıt sakinləri şəhərdə piyadalar üçün "hündür mərtəbəli" əcaib səki quraşdırılmasından şikayətçidirlər. Bununla bağlı Sputnik Azərbaycan-a göndərilən məktubda bildirilir ki, Sumqayıtda yerləşən Zülfi Hacıyev küçəsində "Heydər parkı"na gedən piyadalar üçün nəzərdə tutulmuş yolun hündür olması onları narahat edir.
"Bu səkini inşa edəndə inşaatçılar nə fikirləşiblər, bilmirik. Bu səkini çıxmağa nəinki fiziki qüsurlu adamlar, uşaqlar, hətta sağlam və cavan adamlar da çətinlik çəkirlər. Amma neçə ildir bu məsələ ilə bağlı heç bir tədbir görülməyib" — sakinlər diqqətə çatdırırlar.
Sumqayıt sakinləri yazırlar ki, məhz bu səbəbdən insanlar həyatlarını təhlükəyə ataraq maşınlar üçün nəzərdə tutulmuş yoldan keçəməyə məcbur qalır: "Onu da qeyd edək ki, yolun bu hissəsində başqa piyada keçidi yoxdur, piyadalar mütləq buradan keçməli olur. Ya da piyada keçidi olan yerdən yox, yolun avtomobillərin hərəkət etdiyi hissəsi ilə keçməli olur".
"Bu xırda bir detal, əslində, sakinlərə laqeyd münasibətin göstəricisidir və inanıram ki, əgər yerli məmurlar ümumiyyətlə piyada gəzsəydi və buradan keçsəydi, bəlkə də yaranmış problemə bir əncam çəkərdi. Ola bilsin, bunu qoyanda relyefə uyğun ediblər, amma fikirləşməyiblər ki, səkiyə çıxmaq insanlara çətinlik, narahatçılıq yaradacaq" – deyə məktubda vurğulanır.
Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Dövlət qurumunun sözçüsü Eyvaz Qocayev şikayətə belə münasibət bildirib: "Sumqayıt şəhərində son dövrlər quruculuq işləri aparılır. Göstərilən əraziyə tez bir zamanda gedib məsələni araşdıracağıq. Həqiqətən də sərnişinlərin hərəkəti üçün əlverişsiz səki olduğu aşkarlanarsa, tərəfimizdən tədbirlər görüləcək".