BAKI, 1 yanvar — Sputnik. 2018-ci il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qeyri-adi lazer şou ilə qarşılanıb. Sputnik xəbər verir ki, "Light Up 2018" adlı lazer şousu böyüklüyünə görə dünya rekordu qırıb.
Şou dünyanın ən yüksək binasında — "Bürc xəlifə" qülləsində baş tutub. Məlumata görə, sözügedən lazer şou "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək.
Bundan əvvəlki rekord 2013-cü ildə Honkonqda qeydə alınmışdı. Həmin vaxt lazer şousu 46 min kv.m-dən geniş sahəni əhatə etmişdi. Dubaydakı şounun sahəsi isə iki dəfə çox — 109 min kv.m təşkil edib.