BAKI, 31 dekabr — Sputnik. Zaqatalada bu gün ana, övladı və qardaşı övladının dəm qazı və ya qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
Zaqatala rayon prokurorluğundan APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq, mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.
Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyst tədbirləri davam etdirilir.
Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.