BAKI, 29 dekabr — Sputnik. Dekabr ayı üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb.
Əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtlı-vaxtında yerinə yetirilib. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub.
Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək.