Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qiymətlərlə "oynama" dövrü bitir, vahid qiymət siyasəti olacaq

Abunə olmaq
"Artıq Agentlik tərəfindən qiymət siyasətinin formalaşdırılması həyata keçiriləcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Dövlət başçısı dekabrın 22-də "Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban

Həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi də təsdiq olunub. Agentlik dövlət qeydiyyatına alındığı gündən Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələri ləğv ediləcək. Üç ay müddətində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin istifadəsində olan əmlak Agentliyin balansına veriləcək.

Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a yeniliyi şərh edib: "Agentliyin Nizamnaməsində göstərilir ki, elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil etmək və həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərini aidiyyatı üzrə təqdim etmək Agentliyin vəzifəsidir. Yəni Tarif Şurasında verilən qərarlarla qazın və işığın qiyməti artıb və heç zaman Şura istehlakçılara normal izah edə bilməyib ki, axı qiymət niyə qalxır. İstehlakçılar həmişə narazı olublar".

"Yəni anlaşılan şəkildə izah edə bilməyiblər. Həmişə cəmiyyətdə şübhə ilə yanaşılıb ki, enerji daşıyıcıları ilə zəngin olan ölkədə niyə biz bu qədər artıq pul verməliyik. Tarif Şurası həmişə işığın və qazın qiymətinin artmasının belə izahını verib ki, "Azəriqaz"ın və "Azərenerji"nin müraciətləri əsasında artıb. Amma bu, birtərəfli müraciət əsasında olmur" — İ.Şaban bildirib.

Onun qənaətincə, artıq Agentlik tərəfindən qiymət siyasətinin formalaşdırılması həyata keçiriləcək: "Bu da Energetika Nazirliyinin ölkənin enerji siyasətində oynadığı rolu artıracaq".

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Agentlik daha çox uzlaşdırıcı, tədqiqat yönlü bir qurum kimi fəaliyyət göstərəcək: "Məqsəd bu istiqamətdə daha səmərəli təcrübələrin öyrənilməsi və daha keyfiyyətli və effektli təkliflərin ortaya qoyulmasıdır. Bunlardan biri də qiymətlərlə bağlı mövcud vəziyyətin təhlili və qərarların qəbul edilməsində iştirakçılıq məsələsidir".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Onun sözlərinə görə, Agentlik ilk növbədə itkilərin, mövcud problemlərin, səmərəsizliyin aradan qaldırılmasına fokuslanacaq: "Bunu növbəti dövrlərdə aidiyyatı istehsalçılarla müzakirələr aparmaq, eyni zamanda istehsalatda mövcud olan problemlər və maya dəyərini artıra bilən faktorların aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi yolu ilə edəcək. Daha sonra tələbi əsaslandırmaq şərti ilə Tarif Şurası qarşısında məsələ qaldıracaq. Yenə də qiymətlərlə bağlı son qərarın qəbul edilməsi Tarif Şurasının səlahiyyətlərində qalır".

İqtisadçının fikrincə, daha çox elm tutumlu və eyni zamanda, təhlil məqsədli bir qurumun fəaliyyət göstərməsi və mövcud nöqsanların üzə çıxarılması yolu ilə aidiyyatı qurumlara təqdim edilməsi müsbət təcrübə ola bilər.

Fərmanda deyilir ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaradılmış əlverişli mühit sayəsində yeni tikilən binaların sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmanı, o cümlədən investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəni təmin edən tənzimləyici qurumun yaradılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.

Məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

Agentliyin Nizamnaməsində deyilir ki, Agentlik Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

Agentliyi İdarə Heyəti idarə edir. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: Azərbaycan Respublikasının energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Xəbər lenti
0